Muarem Muaremin “Qarabağ”dakı taleyinə aydınlıq gəlib. Klubdan apasport.az saytına verilən məlumata görə, makedoniyalı futbolçu ilə yeni müqavilə imzalanmayıb.
Məşqçilər korpusu sözləşməsinin müddəti başa çatan Muaremə yeni saziş təklif etməyib. Tokelo Rantie və Nikola Çitro kimi futbolçularla danışıq aparan “Qarabağ” Çempionlar Liqasına daha güclü heyətlə başlamaq niyyətindədi. Bu səbəbdən baş məşqçi Qurban Qurbanov 29 yaşlı yarımmüdafiəçini komandada saxlamamağı üstün tutub.
Muaremin “Qarabağ”dakı taleyinin yeni futbolçuların keçidindən asılı olduğunu ilk dəfə “apasport” yazmışdı. Görünür, ağdamlılar danışıq apardıqları hücumameylli oyunçulardan ən azı biri ilə razılığa gəliblər.
Qeyd edək ki, 2012-ci ildən “Qarabağ”ın formasını geyinən Muarem Muarem 2015-ci ildə “Əskişəhərspor” klubuna keçsə də, Türkiyədəki karyerası uğurlu alınmamışdı. Nəticədə təcrübəli futbolçu Ağdam təmsilçisinə qayıtmalı olmuşdu.