[b]Norveç millisində itki[/b]
08.06.2015 - 10:45
[b]Norveç millisində itki[/b]

Norveç millisi bir futbolçunun xidmətindən məhrum qalıb. Apasport.az saytının Norveç mətbuatına istinadən məlumatına görə, müdafiəçi Stefan Strandberq Azərbaycan millisi ilə qarşılaşmanı buraxa bilər.

 

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində iyunun 13-də yığmamızı qəbul edəcək Norveçdə Strandberq artıq heyətdən kənarlaşdırılıb. Buna səbəb mərkəz müdafiəçisinin dizindən zədə almasıdı. “Rusenborq”un şərəfini qoruyan 25 yaşlı oyunçu iyunun 6-da Norveç çempionatının XII turu çərçivəsində “Valerenqa” ilə səfər qarşılaşmasında zədələnib.

 

Dünən millinin həkimləri tərəfindən tibbi müayinədən keçən Strandberq evə buraxılıb. Lakin onun yığmamızla matçda oynamaq şansı hələ də qalır. Çünki hazırda komandada zədədən əziyyət çəkən bir neçə oyunçu var. İsveçə qarşı bu gün keçiriləcək yoxlama görüşündən sonra məşqçilər korpusu hər hansı bir dəyişikliyə əl ata bilər. Norveç mətbuatı Strandberqin İsveçlə qarşılaşmadan sonra millinin düşərgəsinə qoşula biləcəyini istisna etməyib.

 

Bununla bağlı açıqlama verən müdafiəçi özü də vəziyyətinin ağır olmadığını bildirib: “Valerenqa” ilə oyunda dizimdən xəsarət aldım. Amma bu, ciddi zədə deyil. Tezliklə sağalmaq üçün əlimdən gələni edirəm. Çalışıram Azərbaycanla oyuna qədər tam sağalım və hazır vəziyyətdə olum. Qalanı baş məşqçinin qərarından asılı olacaq”.