“İsveçin “Hammarbü” klubu ilə danışıqlar gedir. Onlar məni heyətlərində görmək istəyirlər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun hücumçusu Nurlan Novruzov deyib.
Topaz Premyer Liqasının cari mövsümünün ən sərrast futbolçusu karyerasını İsveç çempionatında davam etdirə bilər. 22 yaşlı hücumçunu yüksək liqa təmsilçisi “Hammarbü” heyətinə qatmaq istəyir.
Təklifə müsbət baxan Novruzov çempionatın son 4 turundan sonra danışıqları gücləndirəcəyini bildirib: “Hammarbü” ilə hələ pul söhbəti eləməmişəm. Düşünürəm ki, 6 ay + 1 il formatında müqavilə imzalasam, yaxşı olar. Baxma da, birdən gedərəm, alınmaz. Amma legioner həyatı yaşamağı çox istəyirəm. İsveçlə yanaşı, Türkiyədən də təkliflər var. Sadəcə, onlar Superliqa klubları deyillər. Mən isə istəmirəm ki, gedib aşağı liqada oynayım. Buna görə də, ən yaxşı təklif elə İsveç klubundandı. “Hammarbü” yüksək liqa təmsilçisi olduğundan, onların təklifinə müsbət baxıram. Məni İsveçdə narahat edən yalnız dil məsələsidi (gülür). Dillərini bilmədiyimdən, qorxuram orda problemlə üzləşərəm”.
Novruzov bildirib ki, indiki məqamda onu çempionatın son oyunları daha çox maraqlandırır: “Hazırda məni çempionatın son 4 turu düşündürür. Bu görüşləri də yaxşı keçirib, qollarımı davam etdirmək istəyirəm. Bilirəm ki, diqqət mərkəzindəyəm. Buna görə də, arxayınlaşa bilmərəm”.
Qeyd edək ki, İsveç çempionatında 7 turdan sonra 11 xal toplayan “Hammarbü” turnir cədvəlində 8-ci yerdə qərarlaşıb.