Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2017-ci ilin ilk 3 ayının yekunlarına əsasən dünyanın ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, cədvəldə beynəlxalq oyunlarda ən azı 3 top vuranlar yer alıb.
Millidə və qitə kuboklarında vurulan qol sayında 56 futbolçu bunu bacarıb. Cədvələ isə Oman millisinin və bu ölkənin “Fanca” klubunun hücumçusu Abdul Əziz Al-Muqbali başçılıq edir. O, yığmada 6 qol vurub.
İordaniyalı Hamza Al-Dardur 5 topla 2-cidi. Küveytin “Əl-Küveyt” klubunun üzvü bütün qollarını yığmada vurub.
Avropanın ən yaxşısı isə Türkiyə millisində 2, “Beşiktaş”da 3 dəfə fərqlənən Cenk Tosundu. O, 3-cü pilləyə şərik olan 4 oyunçudan biri və yeganə avropalıdı.
Onun klubdakı komanda yoldaşı Vinsent Abubakar Kamerun yığmasında 2, “ağ-qaralar”da 3 qol vurub. Qabon yığması və Dortmund “Borussiya”sının hücumçusu Pyer-Emerik Obameyanq, həmçinin İran millisi ilə “Peresepolis”də çıxış edən Mehdi Taremi eyni göstəriciyə malikdi.
Siyahıda Azərbaycan təmsilçiləri yer almayıb. Buna səbəb isə klublarımızın arxada qalan dövrdə beynəlxalq matç keçirməməsi, yığmamızın cəmi 3 dəfə fərqlənməsidi. Hərəyə 1 qol vuran Dmitri Nazarov, Araz Abdullayev və Tərlan Quliyev isə cədvələ düşmək üçün lazım olan limitə çatmayıb.