UEFA tarixində ilk dəfə bir oyunun hakim səhvi ucbatından yenidən keçirilməsini qərara alıb. Apasport.az-ın qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, 19 yaşadək qızlar arasında keçirilən Avropa çempionatının qrup mərhələsində İngiltərə ilə Norveç komandaları yenidən üz-üzə gələcəklər.
Aprelin 4-də baş tutan qarşılaşmada Norveç 2:1 hesabı ilə öndə olarkən son dəqiqələrdə ingilislər penalti qazanıblar. Penalti qolla nəticələnsə də, baş hakim Mariya Kurtes zərbə zamanı ingilis futbolçuların cərimə meydançasına daxil olduqlarını işarə edərək, qolu hesaba almayıb. Lakin o, zərbəni təkrar etdirmək əvəzinə Norveçin lehinə sərbəst zərbə təyin edib.
İngilislərin etirazından sonra UEFA bu səhvi təsdiqləyib və görüşün hakim səhvinin qeydə alındığı dəqiqədən etibarən yenidən oynanılmasını qərara alıb. Yəni görüş ingilislərin penalti zərbəsi vurmaları ilə davam etdiriləcək. Hər iki komanda eyni heyətlə meydana çıxmalı olacaq.
Bu dəfə Mariya Kurtesi meydançada başqa hakim əvəz edəcək.