[b]Pavel Kapsa: “Zirə”yə keçsəm, sevinərəm[/b]
07.05.2015 - 15:11
[b]Pavel Kapsa: “Zirə”yə keçsəm, sevinərəm[/b]

“Karyeramı Azərbaycanda davam etdirmək istərdim. İnanıram ki, bu istəyim həyata keçəcək”. Bu sözləri apasport.az saytına açıqlamasında “Simurq”un polşalı qapıçısı Pavel Kapsa deyib.

 

Bir çox futbolçu kimi, Kapsa da Zaqatala klubundan ayrılmağa qərar verib. Onun karyerasını Premyer Liqaya çıxmağı qarşısına hədəf qoyan “Zirə”də davam etdirəcəyi gözlənilir.

 

Bununla bağlı münasibət bildirən təcrübəli qolkiper “Zirə”yə keçməyə razı olduğunu dilə gətirib: “Polşadan təkliflər aldığımı bilirsiz. Mənimlə başqa ölkələrin klubları da maraqlanırlar. “Zirə” barədə konkret söz deyə bilmərəm. Çünki məlumatlı deyiləm, təkliflərlə menecerim maraqlanır. Təkcə onu deyə bilərəm ki, “Zirə”yə keçsəm, sevinərəm. Bu mənim üçün xoş olar”.

 

Qeyd edək ki, Kapsadan öncə Benjamin Lambot, Patrik Osiako, Cihan Özkara, Əli Gökdəmir, Stepan Polyak və Marko Stanoyeviç “Simurq”la vidalaşıb, Samir Zərgərov “Qəbələ” ilə anlaşıb. Qarşıdakı günlərdə daha bir neçə oyunçunun Zaqatala klubunun düşərgəsini tərk edəcəyi gözlənilir.