“İnter”, “Milan” və “Yuventus”un sabiq yarımmüdafiəçisi Andrea Pirlo yaxın günlərdə məşqçilik fəaliyyətinə başlayacaq. Apasport.az saytının “Calciomercato”ya istinadən məlumatına görə, Pirlo İtaliya millisinin yeni baş məşqçisi təyin olunacağı gözlənilən Roberto Mançininin köməkçisi kimi çalışacaq.
İtaliya Futbol Federasiyasının rəsmiləri 9 mayda Pirlo ilə görüşüblər. Danışıqların nəticəsinin uğurlu olduğu bildirilir.
Qeyd edək ki, Mançiniyə həm də vəkillik edən həyat yoldaşı Silvia Fortini anlaşmanı rəsmiləşdirmək üçün İtaliya Futbol Federasiyası ilə yekun danışıqlara başlayıb. Onun daha sonra “Zenit”i razı salmaq üçün Sankt-Peterburq yollanacağı gözlənilir.