Nikolas Kanales 317 günlük qol həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXV turunun AZAL-la qarşılaşmasında (1:1) “ağ-qaralar”ın bərabərlik qoluna imza atan çilili sonuncu dəfə ötən il mayın 1-də fərqlənmişdi.
Həmin vaxt da “Neftçi”də çıxış edən cənubi amerikalı 10 aydan müddətdə qol vura bilməyib. 317 gün öncə Kanales “Sumqayıt”la çempionat matçında (2:2) rəqib qapısına yol tapmışdı.
AZAL-ın qapısına vurulan qol isə hücumçunun “Neftçi” karyerasında 45-ci olub. Avrokuboklarda 3, ölkə kubokunda 4 dəfə fərqlənən çilili Premyer Liqada 38 qol vurub.
Onun qayıdışından sonra qol hesabını AZAL-la görüşdə açması da təsadüfi deyil. Çünki “təyyarəçilər” Nikolasın ən çox qol vurduğu komandalardan biridi. Hücumçu bu rəqibi artıq 7-ci dəfə məyus edib.
Yalnız Bakı “İnter”i Kanalesdən daha çox – 8 top buraxıb. Lakin bunlardan 3-ü kuboka təsadüf edib. Ölkə çempionatında isə AZAL-la “Sumqayıt” çilili üçün ən asan rəqiblərdi. Ümumiyyətlə Kanales “İnter”ə 8, AZAL-la “Sumqayıt”a 7, “Qarabağ”a 5, “Simurq”a 4, “Kəpəz”lə “Qəbələ”yə 3, “Bakı”, “Xəzər Lənkəran”, İtaliya “İnter”inə 2, “Rəvan” və Gürcüstan “Züstafoni”sinə 1 qol vurub.