“Baş məşqçi məsələsini həll etdik. Yuri Maksimovla yeni birillik müqavilə imzalanacaq”. Bunu apasport.az saytına açıqlamasında “Keşlə”nin prezidenti Zaur Axundov deyib.
O bildirib ki, komanda iki həftəlik istirahətdən sonra iyunun 15-də Avropa Liqasına hazırlığa start verəcək: “Maksimovla müqavilə hazırlanıb. O, ölkəsindən gəldikdən sonra rəsmi sözləşməyə qol çəkəcək. Baş məşqçi 1-2 günə komandada qalmasını istədiyi oyunçuların siyahısını bizə göndərəcək. Ondan sonra futbolçularla yeni sözləşmə ilə bağlı sənədləri hazırlamağa başlayacağıq. Həmçinin, kimlərin gedəcəyinə də baş məşqçi qərar verəcək. Hələlik heç kimlə yollarımızı ayırmamışıq”.
Axundov “Keşlə”nin avrokuboka hazırlıq çərçivəsində Türkiyədə toplanış keçəcəyini də vurğulayıb: “Maksimov təlim-məşq toplanışı ilə bağlı proqram hazırlayır. Vaxtımız azdı. Komanda Bakıda yığışdıqdan sonra yəqin ki, 1 həftə və ya 10 gün Türkiyədə toplanış keçəcək. Bu müddətdə yeni transferlər də olmalıdı. Sadəcə, əvvəlcə kimlərin gedəcəyini bilməliyik. Ondan sonra yaranacaq boşluqları doldurmağa çalışacağıq. Qarşıdakı 4-5 gün ərzində hər şey bəlli olacaq”.
Qeyd edək ki, Avropa Liqasına I təsnifat mərhələsindən qoşulacaq “Keşlə” ilk oyununu iyulun 19-da keçirəcək.