[b]Prosineçkinin ilk səfər oyunu[/b]
11.06.2015 - 09:00
[b]Prosineçkinin ilk səfər oyunu[/b]

Sabah Azərbaycan millisi növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsinin H qrupunda çıxış edən yığmamız Norveçlə qarşılaşacaq.

 

Qrupda 6-cı oyununa çıxacaq millimiz ilk səfər xalını qazanmağa çalışacaq. İtaliya (1:2) və Xorvatiya (0:6) ilə səfər qarşılaşmalarında yenilən millimiz rəqib meydanlarında 3-cü matçına çıxacaq.

 

Oslodakı oyun komandamızın xorvatiyalı baş məşqçi Robert Prosineçkinin rəhbərliyi altında ilk səfər qarşılaşması olacaq. Malta ilə öz (2:0), Serbiya ilə neytral (1:4) meydanda görüşən yığmamız 2015-ci ildə 3-cü dəfə bu çalışdırıcının başçılığı altında meydana çıxacaq.

 

2014-cü ilin noyabrında Bakıdakı qarşılaşmada 0:1 hesabı ilə məğlub olan millimiz skandinaviyalılarla 4-cü dəfə görüşəcək. İndiyədək rəqibinə qol vura bilməyən yığmamız DÇ-1998-in ev oyununda da eyni hesablı yenilgiyə üzülmüşdü. Həmin vaxt Oslo səfəri acınacaqlı nəticə ilə başa çatmışdı. Belə ki, 19 il əvvəl norveçlilər millimizi 5 cavabsız qolla keçmişdi.

 

Millimiz Osloda 6 illik həsrətə də son qoymağa çalışacaq. Belə ki, 2009-cu ilin oktyabrında Lixtenşteyn üzərində qazanılan 2:0 hesablı qələbədən sonra yığmamız səfərdəki 12 seçmə oyununda qalib gələ bilməyib.

 

Lakin Prosineçki üçün Oslo xoş xatirə ilə əlamətdardı. Xorvatiyalı futbolçu olduğu vaxt Yuqoslaviya və Norveçin gənclər yığmalarının oyununun qəhrəmanı olub. 1989-cu ildə Prosineçki Avropa çempionatının seçmə oyununda komandasının qələbə qoluna imza atıb.

 

AVRO-2016-nın seçmə mərhələsi

H qrupu

12 iyun

23:45. Norveç – Azərbaycan

Baş hakim: Pavel Gil (Polşa)

Oslo. “Ullevol” stadionu