“Azərbaycan millisinin nə qədər güclü olduğunu dəqiq deyə bilmərəm. Amma bizim klubda millinin futbolçuları var, hər biri yaxşı futbolçudu”. Apasport.az xəbər verir ki, bu sözləri Bolqarıstan mətbuatına müsahibəsində “Xəzər Lənkəran”ın futbolçusu Qalin İvanov deyib.
Öncə AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan – Bolqarıstan oyunundan danışan 26 yaşlı yarımmüdafiəçi bir çox maraqlı məqamlara toxunub: “Azərbaycan millisinin futbolçuları ilə bu oyunla bağlı danışmışam. Onlara demişəm ki, çox maraqlı qarşılaşma olacaq. Fikrimcə, bu matç hər kəs üçün maraqlıdır. Bolqarıstan millisinin ən üstün cəhəti kollektiv oyundur. Həmçinin, bizim Lyuboslav Penev kimi məşqçimiz var. İnanıram ki, yığmamız buradan özünə sərf edən nəticə ilə dönəcək. Mənim milliyə çağırılmamağıma gəlincə, bu baş məşqçinin qərarıdı. Amma özümü hər zaman yığmada oynamaq üçün hazır saymışam. Hər zaman da ölkəmizin şərəfini qorumağa hazıram”.
İvanov Azərbaycanda yaşadığı həyat və “Xəzər Lənkəran” klubunun məqsədlərindən də danışıb: “Komandamız Premyer Liqada 7-ci yerdədi. Amma bu pillədə olmağımızı bəxtsizliklər əlaqələndirərdim. “Xəzər Lənkəran” böyük hədəfləri olan klubdu. Məqsədimiz çempion olmaq və Avropada oynamaqdı. Azərbaycanda həyat normaldı. Burada yaşamaqla bağlı heç bir problemim yoxdur. Lənkəran elə də böyük şəhər deyil. Bakı daha gözəldi. Çünki paytaxtdı”.
Bolqarıstanlı yarımmüdafiəçi sentyabrın 13-də Topaz Premyer Liqasının V turunda keçiriləcək “Neftçi” ilə oyun haqqında da fikirlərini bildirib: “Neftçi” və “Xəzər Lənkəran” arasındakı qarşılaşmalar “Böyük oyun” adlanır. Bunun səbəbi isə iki komanda arasında güclü rəqabətin olmasıdır. Eyni ilə Bolqarıstandakı “Levski” – MOİK (Sofiya) arasındakı oyunlar kimi. Növbəti turda da məhz “Neftçi” ilə üz-üzə gələcəyik. Bu oyunda mütləq qələbə qazanmalıyıq. Çünki bu rəqib üzərindəki qələbəmizin bizə çox xeyri dəyəcək”.