[b]Qalin İvanov söz verdi: Belə qollardan çox olacaq[/b]
02.11.2014 - 10:00
[b]Qalin İvanov söz verdi: Belə qollardan çox olacaq[/b]

“Bizim üçün çox vacib oyundu. Üstəlik, birinci dövrədə bu komandaya uduzmuşduq. İndi həmin məğlubiyyətin əvəzini çıxmalıyıq”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın futbolçusu Qalin İvanov deyib.

 

Bu gün Topaz Premyer Liqasında XI turun oyunları keçiriləcək ki, cənub təmsilçisi öz meydanında “Simurq”u qəbul edəcək.

 

“Ağ-yaşıllar”ın bolqarıstanlı legioneri bildirib ki, komandası çempionluğa iddialı olduğundan üçün hesabat turunda “Sumqayıt”la görüşdə olduğu kimi, yenə qələbə qazanmalıdı: “Düzdü, Sumqayıtda çox pis oynadıq. Bəzən futbolda pis oynayıb, qələbə qazanırsan. Bilirsiz, həmişə yaxşı oynamaq mümkün deyil. Elə olub ki, rəqiblərdən daha yaxşı çıxış etmişik, amma sonda qələbəyə həsrət qalmışıq. Bu günkü qarşılaşmaya gəlincə, oyunumuzun alınacağına və 3 xalın bizim olacağına inanıram”.

 

İvanov meydana çıxdığı görüşlərin ilk yarısında yaxşı təsir bağışlasa da, fasilədən sonra özünü göstərə bilmir. Bəlkə futbolçunun fiziki hazırlığında problem var?

 

“Düzdü, “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldiyimiz qarşılaşmanın ikinci hissəsində özümü göstərə bilmədim. Bunun səbəbi də meydançanın bərbad vəziyyətdə olması idi. Süni ot örtüyü mənə həmişə problem yaradıb. Bu dəfə də belə oldu. Amma əvvəlki turlarda meydana çıxdığım görüşlərdə 90 dəqiqəni normal oynadığımı düşünürəm” - deyə, futbolçu bildirib.

 

İvanov IX turda “Qarabağ”a səfərdə 2:3 hesabı ilə uduzduqları görüşdə uzaqdan vurduğu gözəl qolla yadda qaldı. O bildirib ki, növbəti oyunlarda da belə möhtəşəm zərbələrlə azarkeşlərini sevindirməyə çalışacaq: “Bacardığım qədər bunu etməyə çalışıram. Belə qolları həmişə vurmaq olmur. İmkan olanda, qapıya doğur zərbələr endirirəm. İnanıram ki, belə qollardan çox olacaq. Amma hər şeydən öncə komandamızın uğurunu düşünməliyik”.

 

“Simurq”la matçdan sonra çempionatda 20 günlük fasilə yaranacaq ki, bolqarıstanlı legioner bunu yaxşı hal saymayıb: “Belə fasilələrin yaranması oyun praktikası baxımından problemlər yaradır. Bu, mənim şəxsi fikrimdi. Əgər milli komanda oynayırsa, 3-4 gün əvvəldən toplanmaq da yetərlidi”.