[b]Qallo: Tailandı öz silahımızla “vuracağıq” - MÜSAHİBƏ[/b]
22.09.2016 - 12:12
[b]Qallo: Tailandı öz silahımızla “vuracağıq” - MÜSAHİBƏ[/b]

Futzal üzrə dünya çempionatında iştirak edən Azərbaycan yığması 1/8 final mərhələsi çərçivəsində bu gecə Tailand millisi ilə qarşılaşacaq. Komandamızın aparıcı oyunçularından olan Qallo apasport.az saytına müsahibəsində görüş, həmçinin yığmamızın mundialdakı çıxışı ilə bağlı danışıb.

 

- Yığmamızın dünya çempionatının qrup mərhələsindəki çıxışını necə qiymətləndirirsiniz?

- Ən çətin qrupda yer almışdıq. Ağır oyunlar keçirdik. Qələbə ilə başladıq, məğlubiyyətlə üzləşdik, sonda isə heç-heçə edib mərhələ adladıq. İkinci pilləni tutmağımız bizim üçün əlavə üstünlük yaratdı. Əsas odu ki, qarşıya qoyulan tapşırığın öhdəsindən gəldik. İndi bizi Tailandla çətin oyun gözləyir. Diqqətimizi bu matça yönəltməliyik.

 

- Amma sabit oyun keçirmədiniz. Yaxşı oynadığınız matçda uduzdunuz, əksinə, heç də yaxşı oynamadığınız görüşdə xal qazandınız...

- Başlanğıc oyunları hər zaman çətin keçir. İstər-istəməz əsəblər gərilir, təzyiq olur. Bu da oyuna mənfi təsir edə bilər. Rəqiblərimizə gəldikdə, heyətləri kifayət qədər güclüdü. 5-6 il birgə çıxış edənləri var. Pis oynadığımızı düşünmürəm. İranla qarşılaşmada zəif oynadığımızı hamı deyir. Ancaq İran 1/8 finalda Braziliyanı mübarizədən kənarlaşdırdı. Zəif rəqib olsaydılar, favoriti kənara atmazdılar. Hər bir rəqibin öz oyun üslubu var. Biz də onlara qarşı tədbirli çıxmışdıq.

 

- Növbəti rəqib Tailanddı. Onları təhlil etmisizmi?

- Çox təhlükəli oyundu. Tailand çətin rəqibdi. Onlar qruplarında yaxşı nəticə göstərdilər. Yalnız Rusiyaya uduzdular, digər iki matçda qələbə qazandılar. Ruslara qarşı da yaxşı mübarizə apardılar. Amma təcrübə sonda sözünü dedi.

 

- Zəif və ya güclü tərəfləri hansılardı?

- Yaxşı baş məşqçiləri var. Savadlı və təcrübəlidi. Komanda taktiki və texniki cəhətdən düzgün oynayır. Üstəlik, fiziki cəhətdən də hazırlıqlıdırlar. Topa daha çox nəzarət etməliyik. Zəif tərəflərinə gəldikdə, onlar “stolba”ya qarşı oynamaqda çətinlik çəkirlər. Bizim də iki əla “stolbamız” var. Tyaqo və Polettoya çox iş düşəcək. İranla oyunda rəqibin “stolbası” güclü idi, bizə problem yaratdı. Bu dəfə biz Tailandı öz silahımızla - “stolba”larımızla “vuracağıq”.

 

- Tailandın oyunçusu yığmamızın fiziki cəhətdən zəif olduğunu və müdafiədə səhvlərə yol verdiyini deyib...

- Belə deyibsə, olsun. Bunu meydanda göstərəcəyik. Sözlə deməyin mənası yoxdu. Hər iki komanda bir-birinin oyununa baxıb. Zəif və istifadə ediləcək cəhətlər müəyyənləşdirilib. Qalır bundan kimin necə istifadə etməsi.

 

- Yığmamız üçün püşk uğurlu alınıb. Bu qrafiklə yarımfinala qədər irəliləmək mümkündü. İstifadə edə biləcəyikmi?

- Əvvəlcə Tailand haqda düşünməliyik. Addım-addım irəli getməliyik. İndi bizi bu komanda ilə çətin oyun gözləyir. Yaxşı şansımız var. Yarımfinala yüksəlməyi hamıdan çox biz istəyirik. Azərbaycanı daha yaxşı tanıtmaq, təmsil etmək bu dəfə bizim çiyinlərimizə düşüb. Bunun öhdəsindən layiqincə gələcəyimizə inanıram.

 

0