“Milan”ın baş məşqçisi Cennaro Qattuzo qovula bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, onun taleyi qarşıdakı iki matçdan asılıdı.
Belə ki, komanda İtaliya Kubokunun 1/4 final mərhələsində “İnter”ə, A seriyasının XIX turunda isə “Fiorentina”ya məğlub olacağı təqdirdə, rəhbərlik Qattuzo ilə yollarını ayıracaq.
“Rossonyerlər”in “sükanı arxası”na yenicə gətirilən və 6 matçda “Milan”a rəhbərlik edən Qattuzo özü də bunu hiss edir. Gənc çalışdırıcı “İnter”lə oyunu özləri üçün finala bərabər hesab etdiyini vurğulayıb: “Bu görüşdə qələbə qazanmağa çalışacağıq. Çox çətin olacaq. “İnter”lə qarşılaşma bizim üçün dünya çempionatının finalına bərabərdi. Mövsümü dəyişə bilərik. Bizim problemimiz odu ki, çox qol vəziyyəti yaratsaq da, bunlardan istifadə edə bilmirik”.
Qeyd edək ki, “Milan” Qattuzonun rəhbərliyi altında cəmi 1 qələbə qazanıb.