“Qapımıza penalti təyin edilən vaxt gördük ki, futbolçular baş hakimlə dalaşmağa hazırlaşırlar. Qorxduq ki, onu vurarlar. Bu səbəbdən futbolçuları meydandan kənara çağırdıq”. Bunu apasport.az saytına “Göyəzən” klubunun baş məşqçisi Elxan Muradov deyib.
Azərbaycan I divizionunun VII turu çərçivəsində Qazaxda baş tutan “Göyəzən” – “Şəmkir” qarşılaşmasında maraqlı hadisə baş verib.
Belə ki, qonaqların 1:0 hesabı ilə qalib gəldikləri görüşün 78-ci dəqiqəsində meydan sahiblərinin əleyhinə təyin edilən penalti futbolçuları özlərindən çıxarıb. AFFA İntizam Komitəsi həmin anda komandanın özbaşına meydançanı tərk etdiyini və 2 dəqiqə sonra geri qayıtdığını əsas gətirərək, “Göyəzən”i 1000 manat məbləğində cərimələyib.
Elxan Muradov isə orda özbaşına hərəkət olmadığını bildirib: “Həmin epizodda penaltidən söhbət gedə bilməzdi. Hakim qərəzli idarəçilik etdi. Bir penaltimizi vermədi, qolumuzu saymadı. Uşaqlar da çox hirsli idilər. Dedik, bu dəqiqə “zibili”ni çıxarıb, qələt qarışdıracaqlar. Çünki hamısı qızışmışdı. Vəziyyət artıq o həddə çatmışdı ki, hakimi söymələrindən, vurmalarından çəkindik. Onları sakitləşdirmək üçün kənara çağırdıq, başa salıb geri göndərdik. Sadəcə, onlara dedik ki, gedin, futbolunuzu oynayın. Bu isə nəinki 2, heç 1 dəqiqə də çəkmədi. Burda nə var ki? AFFA-nın bizi cərimələdiyini indi sizdən eşidirəm. Bu dəqiqə klub prezidentinə zəng vurub, onu məlumatlandıracam. Görəcəksiniz, bəlkə də, AFFA hakimləri də cəzalandıracaq”.
Qeyd edək ki, “Göyəzən” geridə qalan 7 turda 3 xal qazanıb və turnir cədvəlində 14 komanda arasında 12-ci pillədə qərarlaşır.
Ruslan SADIQOV