[b]Yeganə istisna – “Qarabağ”[/b]
03.05.2018 - 12:04
[b]Yeganə istisna – “Qarabağ”[/b]

Avropa Liqasının yarımfinal mərhələsində bu gün keçiriləcək cavab oyunları ilə finalçılar müəyyənləşəcək. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, ən çox maraq doğuran “Atletiko” – “Arsenal” qarşılaşmasında gözlər birincilərin hücumçusu Antuan Qrizmannda olacaq.

 

Fransalı forvardın cari mövsümdə Avropa arenasındakı çıxışının statistikasına nəzər yetirən həmkarlarımız maraqlı məqam ortaya çıxarıblar. Belə ki, Qrizmann cari mövsüm Çempionlar Liqası və Avropa Liqasındakı rəqiblərin hamısının qapısına yol tapa bilib. Yalnız bir komanda istisnadı ki, bu da “Qarabağ”dı.

 

Özü də Qrizmann bütün rəqiblərinə bir oyunda qol vura bilib. Belə ki, o, Çempionlar Liqasında “Çelsi” (1:2) və “Roma” ilə (2:0) ev, Avropa Liqasında “Kopenhagen” (4:1), “Lokomotiv” (5:1), “Arsenal”la (1:1) səfər və “Sportinq”lə (2:0) ev matçında fərqlənməyi bacarıb. Ulduz futbolçu bu qarşılaşmaların hər birində cəmi 1 qolla yadda qalıb.

 

“Atletiko”nun ÇL-in qrup mərhələsində “Qarabağ”la keçirdiyi hər iki görüşün 90 dəqiqə iştirakçısı olan Qrizmann Azərbaycan çempionu ilə matçlarda İbrahim Şehiçi cəzalandıra bilməyib: “Qrizmann “Qarabağ” istisna olmaqla, hər rəqibə bir oyunda qol vurub. “Arsenal”la İngiltərədəki görüşdə isə limiti doldurub. Həmin ardıcıllıqla o, bu gün fərqlənməməlidi. Maraqlıdı, Qrizmann bu tilsimi qıra biləcəkmi?”

 

Qeyd edək ki, ÇL-in qrup mərhələsində “Qarabağ”la “Atletiko” Bakıda 0:0, Madriddə isə 1:1 hesablı bərabərliyə imza atmışdı.