[b]Qurban Qurbanov: İstənilən futbolçu millidən kənarda qala bilər[/b]
20.12.2017 - 12:59
[b]Qurban Qurbanov: İstənilən futbolçu millidən kənarda qala bilər[/b]

“Eyni səviyyəli 3-4 qapıçımızın olmasını istərdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov deyib.

 

AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra baş tutan mətbuat konfransına qatılan 45 yaşlı mütəxəssis millidəki qapıçı problemindən danışıb. Kamran Ağayevin klubsuz qaldığı müddətdə digər namizədlər haqda fikir bildirən Qurbanov seçimin məhdudluğunu vurğulayıb: “Rəşad Əzizlini qapıçılar sırasında qeyd etmişəm. Səlahət Ağayev və Anar Nəzirov uzun müddətli zədəlidi. Futbolçu seçimimiz azdı. 9-10 milyonluq ölkəyik. 80 milyonluq ölkələr belə, problem yaşayırlar. Rusiyanın üzdə olan 11 futbolçusu yoxdu. Kimin potensialı yüksəkdisə, ona şans veriləcək. Həmçinin, millidə futbolçunun insani keyfiyyətləri çox önəmlidi. Yığmaya gələn hər kəs üçün nümunə olmalıdı. İlk görüşümüzdə də futbolçulara bunu deyəcəm. İstənilən futbolçu bəzi davranışlarına görə millidən kənarda qala bilər”.

 

Baş məşqçi “Qarabağ”ın U-19 komandasında oynayan ukraynalı Yaroslav Dedanın milliləşdirilməsi ehtimalının olduğunu gizlətməyib: “Qışda görsək ki, özünü yaxşı tərəfdən göstərir, belə müraciət edə bilərik”.

 

Qurbanov yığmanın kapitanı ilə bağlı məsələyə yenidən baxılmasını istisna etmir. O bildirib ki, millinin kapitanı olan Rahid Əmirquliyev oyun praktikası sarıdan əziyyət çəkdiyindən sarğı başqa oyunçuya həvalə edilə bilər: “Rahid əxlaqı, davranışı ilə hamıya nümunədi. Çox istərdim ki, bütün futbolçular onun kimi davransın. O, nümunəvi insandı. Onun millidə kapitan olub-olmaması bu günün mövzusu deyil. İlk toplantıdan sonra çalışacağıq ədalətli qərarlar verək. Kapitanı ola bilsin ki, dəyişməyək, ola bilər ki, bir müddət sonra reallaşsın.”

 

Baş məşqçi Əmirquliyevin başqa kluba keçmək və ya icarəyə verilməsi ehtimalından da danışıb: “Qarabağ”ın prinsiplərindən əl çəkməli deyilik. Digər tərəfdən milli üzvünün klubunda oynamasını istəyirəm. Heç bir futbolçuya ölkə xaricinə getməsinə mane olmarıq. Buna sevinərəm. Bir futbolçunu göndərəcəmsə, klubun maraqlarına görə edəcəm. Milliyə gəldikdən sonra da buranın maraqlarına uyğun qərar verəcəm. İcarəyə verdiyimiz oyunçular var. “Qarabağ”ın nəticəsinə mane olmayacaqsa, 1-2 futbolçunu icarəyə verə bilərik”.