AFFA-nın bu gün keçirilən Hesabat-Seçki Konfransı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun İcraiyyə Komitəsinə üzv seçilməsi ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 44 yaşlı mütəxəssisin seçilməsi ilk baxışdan qeyri-adi görünsə də, heç də yenilik deyil.
Belə ki, dünya praktikasında nəinki məşqçilərin, hətta karyerasını davam etdirən futbolçuların da İcraiyyə Komitəsində yer alması faktları az deyil. Onlardan biri də Ukrayna millisinin kapitanı Anatoli Timoşukdu. Yığmasında keçirdiyi oyun sayına görə rekordçu olan veteran futbolçu yaxın günlərdə komitəyə üzv kimi qəbul olunacaq.
Karyerasını Qazaxıstanın “Kayrat” klubunda davam etdirən Timoşuk 41 nəfərin daxil olduğu İcraiyyə Komitəsində futbolçuları təmsil edəcək. Maraqlıdı ki, Ukrayna Futbol Federasiyasının bu İcraiyyə Komitəsində məmurlar, sabiq futbolçular, sabiq hakimlərlə yanaşı, jurnalist də yer alıb.