[b]Qurban Qurbanovla qırılan seriyalar[/b]
29.05.2018 - 22:01
[b]Qurban Qurbanovla qırılan seriyalar[/b]

Azərbaycan millisi 2018-ci ildə ilk qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, yığmamız buna 4-cü görüşdə nail olub.

 

Bakı Olimpiya Stadionunda Qırğızıstan üzərində 3:0 hesablı qələbə eyni zamanda Qurban Qurbanovun yığmada ilk qalibiyyəti kimi tarixə düşüb. Komandamız buna qədər onun rəhbərliyi altında 3 oyunda qüvvəsini sınamışdı.

 

Yanvarın 30-da Moldova, martın 27-də Makedoniya ilə Türkiyənin Antalya şəhərində qarşılaşan Qurbanovun yetirmələri qonşu ölkədə heç-heçələri sıralayıb. İlk görüş qolsuz bitibsə, digərində tərəflər hərəyə 1 dəfə fərqlənib. Martın 23-də Bakıda təşkil olunan sınaqda isə millimiz Belarusa uduzub – 0:1.

 

Yığma həmçinin 5 oyunluq qələbə həsrətinə son qoyub. Belə ki, komanda San-Marino ilə 2017-ci il sentyabrın 4-dəki 5:1 hesablı qələbədən sonra 5 matç idi qalib gəlmirdi. Ötən il Çexiyaya 1:2, Almaniyaya 1:5 hesabı ilə uduzan yığmamız bu il 3 sınaqdan qələbəsiz ayrılmışdı. Millimiz San-Marino kimi, Qırğızıstanı da böyük hesabla üstələyib.