[b]Ramin Musayev penalti haqda: Baş hakim mənə dedi ki...[/b]
20.05.2016 - 22:34
[b]Ramin Musayev penalti haqda: Baş hakim mənə dedi ki...[/b]

"Oyuna baxmamışam, bu səbəbdən də penalti epizodu ilə bağlı hansısa fikir yürüdə bilməyəcəm". Bunu apasport.az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

 

Topaz Premyer Liqasının sonuncu turunda keçirilən "Rəvan" - "Xəzər Lənkəran" (2:2) matçı qalmaqalla yadda qaldı. Belə ki, matçın 82-ci dəqiqəsində "ağ-yaşıllar"ın qapısına şübhəli penalti təyin edən baş hakim Ramil Diniyevin qərarı etiraza səbəb oldu. 11 metrlik cərimə zərbəsi ilə hesabı bərabərləşdirən meydan sahibləri heç-heçə sayəsində Premyer Liqada yerini qorudusa, məğlub olan "Xəzər Lənkəran" çempionatla vidalaşdı.

 

Musayev bildirib ki, "Qarabağ" - AZAL matçında olduğundan həmin epizodu görə bilməsə də, qarşılaşmadan sonra Ramil Diniyev zəng edərək, oyun haqda qısa məlumat verib: "Diniyev mənə oyunu yüksək səviyyədə keçirdiyini bildirdi. Penaltiyə gəlincə, hakim qeyd etdi ki, həmin epizodda "Xəzər Lənkəran"ın müdafiəçisi "Rəvan"ın futbolçusunu dirsəyi ilə vurur. Hər halda, mənə elə dedi".

0