Rasim Ramaldanovun könlündəki komandalar
22.02.2014 - 00:04
Rasim Ramaldanovun könlündəki komandalar

“Püşkatma mərasimindən xəbərim var. İstərdim ki, millimiz zəif komandalarla bir qrupa düşsün”. Bu sözləri apasport.az saytına Azərbaycan yığmasının və “Xəzər Lənkəran” klubunun müdafiəçisi Rasim Ramaldanov deyib.

 

Fevralın 23-də Fransanın Nitsa şəhərində Avro-2016-nın seçmə qrup mərhələsinin püşkü atılacaq. Təbii ki, yığmamızın daha münasib rəqiblərlə bir qrupda yer almasını arzulayırıq. Üstəlik, əvvəlki qitə birinciliklərindən fərqli, Fransanın ev sahibliyi edəcəyi finala mərhələsinə 24 komanda qatılacaq. Bu isə qrup mərhələsini üçüncü pillədə başa vuran komandalar üçün əlavə şans yaradır. Millinin müdafiəçisi artıq buna nail olmağın zamanının yetişdiyini vurğulayıb: “Qrupdan çıxmağı çox arzulayırıq. Məncə, artıq bunun vaxtıdır. Millinin potensialı da buna imkan verir. Təbii ki, qrupda kimlərlə qarşılaşacağımız da vacibdir”.

 

Ramaldanov millimizin yer alacağı qrupda bu komandaları görmək istəyir: “Birinci səbətdə çox güclü komandalar qərarlaşıb. Onlar arasında İspaniyanın bizimlə düşməsini heç istəməzdim. Rusiya yığması daha münasibdir. Digər səbətlərdə də güclü rəqiblər alıb. Amma seçim etmək olar. İstərdim ki, Rusiya ilə bərabər Macarıstan, İsrail və ya Polşa, Estoniya və San-Marino yığmamızla bir qrupda yer alsın”.