Azərbaycan millisinin hücumçusu Renat Dadaşov klubu “Ayntraxt”la yollarını ayırmağa hazırlaşır. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Almaniyanın “Bild” nəşri yayıb.
Bildirilir ki, bu yaxınlarda komanda yoldaşını döydüyü üçün heyətdən uzaqlaşdırılan gənc oyunçuya özünə yeni klub axtarmaq tapşırığı verilib. Belə ki, Frankfurt təmsilçisi onu saxlamaqda maraqlı deyil. Bu səbəbdən rəhbərlik 18 yaşlı futbolçuya azad agent statusu verməyə də hazırdı. “Ayntraxt”ın idman direktoru Fredi Bobiç onunla görüşərək, klubun qərarını açıqlayıb.
Hazırda Berlində qardaşı Rüfət Dadaşovla birlikdə qalan Renat fərdi məşqlərlə fiziki formasını itirməməyə çalışır. Onun yerli klublardan birinə keçməsi gözlənilir.
Qeyd edək ki, Renat Dadaşovun “Ayntraxt”la müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.