Ukrayna Premyer Liqasının XI turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, turun mərkəzi oyunu "Lvov Arena"da baş tutub.
Burada Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi "Dnepr" "Şaxtyor" münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmada qalib müəyyənləşməyib. Tərəflərin ciddi cəhdlərinə baxmayaraq tablodakı sıfırlar dəyişməyib - 0:0.
Xatırladaq ki, oyunun 86-cı dəqiqəsində "Dnepr”in futbolçusu Mladen Bartuloviç meydandan qovulub. Son 4 dəqiqə rəqibimiz səfərdə 10 nəfərlə oynayıb.
Bu nəticədən sonra "Dnepr" 26 xalla turnir cədvəlində 2-ci, "Şaxtyor" 22 xalla 3-cü pillədə qalıb. Turnir cədvəlinə 26 xala malik və ehtiyatda bir oyunu olan Kiyev "Dinamo"su başçılıq edir.
Qeyd edək ki, "Dnepr" Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a Kiyevdə 0:1 hesabı ilə uduzub. Bakıdakı matçda isə Ukrayna klubu 1:2 hesabı ilə qələbə qazanıb.