Topaz Premyer Liqasının lideri “Qarabağ” XXVII tur çərçivəsində bu gün “Rəvan”la qarşılaşacaq. Apasport.az saytı xəbər verir ki, Ağdam klubunun kapitanı Rəşad Sadıqovun bu matçda iştirak edib-etməyəcəyi maraq doğurur.
Belə ki, 34 yaşlı müdafiəçi zədədən əziyyət çəkir. Bir müddət əvvəl ayağının qasıq nahiyəsindən zədə alan Sadıqov hələ də ağrılar hiss edir. Bununla belə, klubdan verilən məlumata görə, Rəşadın “Rəvan”la matçda meydana çıxmaq ehtimalı daha çoxdu.
Hələ millinin toplanışından öncə zədələnən Sadıqov daha sonra Qazaxıstanla yoxlama görüşündə 45 dəqiqə oynayıb. Bu mənada, təcrübəli futbolçunun bu gün çempionat görüşünə də çıxacağı inandırıcı görünür.
“Qarabağ”ın digər aparıcı oyunçusu Reynaldo Silvanın da vəziyyəti getdikcə yaxşılaşır. Braziliyalı hücumçunun adı ötən turda “Qəbələ” ilə keçirilən matçın iştirak ərizəsinə daxil edilsə də, “sambaçı” sona qədər oyunu ehtiyat oyunçular skamyasından izləməli olmuşdu. Reynaldo hələ tam hazır olmasa da, baş məşqçi Qurban Qurbanovun ona “Rəvan”la görüşdə şans verəcəyi istisna deyil.
Qeyd edək ki, “Qarabağ” – “Rəvan” qarşılaşması saat 17:30-da start götürəcək.