AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya ilə baş tutan oyuna ikinci hissədə qoşulan Rəşad Sadiqov qarşılaşma başa çatdıqdan sonra apasport.az saytının da əməkdaşının suallarını cavablandırıb.
- Oyunun bu qədər çətin keçəcəyini gözləyirdinizmi?
- Ağır oyun oldu. Rəqibimiz Avropanın güclü komandalarından birdi. Səfərdəki 0:6 hesablı yenilgiyə görə, komandamız hirsli idi. Fikrimcə, Xorvatiya kimi iddialı komanda ilə heç-heçə etmək pis nəticə deyil. Əksinə, qazandığımız 1 xalı yaxşı nəticə hesab etmək olar.
- Meydana ikinci hissədə daxil oldunuz. Baş məşqçi Robert Prosineçki sizə konkret olaraq hansı tapşırıqları verdi?
- Prosineçki hər bir futbolçuya ürək-dirək verir. Psixoloji baxımdan oyuna yaxşı kökləyir. O bizə Xorvatiya yığmasının üzvlərindən zəif olmadığımızı bildirdi. Taktiki tapşırıqlar da öz yerində. Məncə, bu matçda komandanın bütün üzvləri yaxşı oynadı.
- Bu nəticə Malta ilə oyuna müsbət təsir edəcəkmi?
- Əlbəttə, təsir edəcək. Yığma son 3 rəsmi oyununda qapısından qol buraxmayıb. Bir qələbə qazanıb, iki heç-heçə edib. Bu uğurlu seriyadı və davamını gətirməliyik. Bu hirslə, istəklə oynasaq, Maltanı da məğlub edəcəyik.
- AFFA-nın prezidenti Rövnəq Abdullayev futbolçularla görüşündə nə dedi?
- Təbrik etdi. Xorvatiyadakıı oyunda baş verən yenilginin qisasını ala bilməsək də, ürəyindəki tikanı çıxardığımızı dedi.
- Mükafatla bağlı konkret rəqəm söylədimi?
- Bizim 3 gündən sonra Malta ilə səfərdə oyunumuz var. Hamımız diqqətimizi həmin oyuna yönəltmişik. Yəqin ki, bu dueldən sonra nəsə deyiləcək. Futbolumuzu oynamalıyıq, mükafat özü gələcək.