[b]Rəşad Sadıqov üzr istədi: Berti Foqts mənə dedi ki...[/b]
15.10.2014 - 08:46
[b]Rəşad Sadıqov üzr istədi: Berti Foqts mənə dedi ki...[/b]

“Oyunu bir sözlə izah etməyə çalışacağam. Öncə bütün azarkeşlərdən, bütün Azərbaycan xalqından bu məğlubiyyətə görə üzr istəyirəm. Şəxsən öz adımdan deyirəm ki, belə məğlubiyyət utandırıcıdı. Başqa bir söz demək istəmirəm”. Apasport.az saytının məlumatına görə, bunu millimizin kapitanı Rəşad Sadıqov deyib.

 

Rəşad Sadıqov millimizin seçmə mərhələdə Xorvatiyaya 0:6 hesabı ilə yenilgisi ilə bağlı danışmaq istəməyib. Bu məğlubiyyətdə çoxlu səhvlərinin olduğunu və emosiyalara qapıla biləcəyini deyən Sadıqov yalnız üzr istəyib.

 

“Qarabağ”ın da kapitanı olan Sadıqov oyun epizodunda Berti Foqtsa etiraz etmədiyini isə belə izah edib: “Ümumiyyətlə, Berti Foqts mənə tapşırıq verir ki, daim onunla əlaqədə olum. Xorvatiya yığmasının taktikasında gözləmədiyimiz bir hal vardı. Onların yarımmüdafiəçiləri mərkəzə çox girirdilər. Bunu gözləmirdik. Ona görə Foqtsa yaxınlaşıb deyirdim ki, kimi kimə tapşıraq. O da mənə dedi ki, filan futbolçular mərkəzdə oynasın. Bu, birinci dəfə deyil. Həmişə rəqib komandalarda dəyişiklik olanda onunla belə dialoqlarımız olur. Tək mən yox, başqa oyunçulara da bəzən onunla əlaqədə olmağı tapşırır. Yəni, mənim ona hər hansısa bir etirazım olmayıb”.