21 yaşadək futbolçulardan ibarət yığmamızın köməkçi məşqçisi təyin edilən Vladislav Yanuş 1979-cu il, iyunun 7-də Asenovqradda anadan olub. Apasport.az saytının məlumatına görə, millimizdə fiziki hazırlığa cavabdehlik daşıyacaq bolqarıstanlı çalışdırıcı zəngin məşqçilik karyerası ilə öyünə bilməz.
Sviştov şəhərində İqtisadiyyat Akademiyasını bitirən Yanuş təhsil aldığı sahə üzrə işləməkdənsə, məşqçiliyi üstün tutub. O, bu fəaliyyətə doğma şəhərində başlayıb. Ardınca Plovdiv “Lokomotiv”inin futbol məktəbində məşqçi kimi çalışıb. 2011-ci ildə “Beroe” futbol məktəbində 1998-ci il təvəllüdlü futbolçularla işləyib. 2013-cü ilin yayından isə “Beroe” klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərib.
2015/16 mövsümündə “Vereya” klubunda çalışmağa başlayan Yanuş əvvəlcə Jivko Jelevin köməkçisi olub. Yeri gəlmişkən, Jelev azərbaycanlı futbolsevərlər üçün tanış simadı. O, 2010 və 2011-ci illərdə ölkəmizdə müvafiq olaraq, “İnter” və “Simurq” klublarının formasını geyinib. Jelevin gedişindən sonra Yanuş müvəqqəti olaraq baş məşqçi postuna gətirilib. Onun rəhbərliyi altında “Vereya” ikinci liqada 7 oyuna çıxıb və bu görüşlərdən 3-də qələbə qazanıb, 3-də heç-heçə edib, 1-də isə uduzub.
Yanuşun Azərbaycan yığmasından öncə sonuncu iş yeri isə “Liteks” olub. Gənc çalışdırıcı bu klubda köməkçi məşqçi funksiyasını yerinə yetirib.