Topaz Premyer Liqasının XXXIV turu çərçivəsində “Sumqayıt”ı qəbul edən “Qarabağ” minimal hesablı qələbə sayəsində həm də çempionluğunu təmin etdi. Oyundan sonra ardıcıl ikinci dəfə ölkənin ən güclüsü olan Ağdam təmsilçisinin hücumçusu Reynaldo Silva apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Əvvəlcə oyunla bağlı fikrinizi bildirərdiniz...
- Oyunun bizim üçün çətin keçəcəyini bilirdik. Komandamızın uğur qazanması üçün əlimizdən gələni etməyə çalışırdıq. “Qəbələ” – “İnter” matçının nəticəsi də bizim üçün əlavə şans oldu.
- Ancaq asan qələbə qazandığınızı iddia etmək olmaz. Oyun niyə bu qədər çətin keçdi?
- Çünki bütün komandalar “Qarabağ”a qarşı yaxşı oynamağa çalışırlar. Bu da istər-istəməz çətinlik yaradır. Oyun ərzində bütün mövqeləri bağlamağa çalışırlar. Belə deyək, imkanlarından maksimum yararlanmağa çalışırlar.
- Sona 2 tur qalmış çempion oldunuz. Azərbaycanda ardıcıl ikinci dəfə bu sevinci yaşayırsınız. Çempionluğu kimə həsr edirsiniz?
- Bütün komandaya, “Qarabağ”ın azarkeşlərinə və təbii ki, ailəmə həsr edirəm.
- Yenidən Çempionlar Liqasında çıxış edəcəksiniz. Azarkeşləri düşündürən məqam da budu, “Qarabağ” bu oyunla qitə miqyaslı yarışda nəyə nail olacaq?
- Bu haqda indi danışa bilməyəcəm. Çünki bu durumda deyiləm. Oyun indicə başa çatdı, çempionluğumuzu qeyd edirik. Ən azı ötən mövsüm etdiklərimizi təkrarlamağa çalışacağıq.
- Çempionat sizin üçün başa çatdı. Bəs kubokun finalı ilə bağlı nə düşünürsünüz?
- Hər oyunun öz ab-havası, taleyi var. “Neftçi” güclü, iddialı komandadı. Onlarla oyunumuz çətin olacaq. “Qarabağ” kuboku da qazanmaq iddiasındadı.
- Çempionluğu erkən bayram etməyinizdə “Qəbələ”nin rolu da danılmazdı. Onlara sözünüz varmı?
- “Qəbələ” bizi məğlub etdikdən sonra yüksəlişdədi. Komanda ardıcıl qələbələr qazandı. Biz də onları təbrik edirik, qarşıdakı oyunlarda uğurlar arzulayırıq.