Bu ilin əvvəlində “Qarabağ”dan “Adanaspor”a keçən Reynaldo Silvanın Türkiyə macərası uzun sürməyib. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, braziliyalı hücumçu karyerasını İsveçrədə davam etdirəcək.
Belə ki, xəbərdə Reynaldonun “Adanaspor”un düşərgəsini tərk edərək İsveçrəyə yollandığı vurğulanıb. Bu ölkənin iddialı komandalarından “Yanq Boyz”da tibbi müayinədən keçəcək sabiq “Qarabağ”lı bir problem çıxmasa, rəsmi müqaviləyə qol çəkəcək.
27 yaşlı “sambaçı”nın “Adanaspor”la anlaşması davam etsə də, bu keçid “Yanq Boyz”a havayı başa gələcək. Çünki Superliqa təmsilçisi əsas heyədə düşə bilməyən oyunçu ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verməyə razı olub.
Qeyd edək ki, Reynaldo qışda “Adanaspor”la 2,5 illik müqavilə imzalamışdı.