21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin son oyunu Azərbaycan yığması üçün yubiley və rekordlarla zəngin ola bilər. Apasport.az saytının məlumatına görə, bu gün Rio-Mayorda Portuqaliya yığması ilə keçiriləcək qarşılaşmada komandamız tarix yazmaq imkanına malikdi.
Seçmə mərhələlərdə 82-ci qarşılaşmasına çıxacaq yığmamız heç-heçə etməsə, yubiley qeydə alınacaq. Çünki komandamız 10-cu qələbə və 60-cı məğlubiyyətin astanasındadı. Bu iki rəqəmdən birinə çatması mümkün olan yığmamız indiyədək 9 dəfə 3 xala, 13 dəfə bərabərliyə sevinibsə, 59 dəfə məğlubiyyət acısı yaşayıb. Bu qarşılaşmalarda 43 qol vuran yığmamız 188 topa üzülüb.
10-cu qələbə gətirə biləcək ilk qolumuz da yubiley xarakteri daşıyacaq. Belə ki, almaniyalı baş məşqçi Bernard Lippertin rəhbərliyi altında 25-ci dəfə rəqib qapısına yol tapılması mümkündü. Onun baş məşqçi olduğu 26 matçda 24 dəfə fərqlənən millimiz 53 top buraxıb. Bu görüşlərdə 5 qələbə və eyni sayda bərabərliyə sevinən futbolçularımız 16 dəfə uduzub.
AVRO-2011-in seçmə mərhələsində 8 qol vuran yığmamız həmin rekordunu təkrarladığından mütləq nailiyyət üçün portuqaliyalıları 1 dəfə məyus etmək kifayətdi.
Qələbə isə 2 tarixi rekordla nəticələnə bilər. 2002 və 2013-cü illərin çempionatındakı kimi 2 qələbəsi olan yığmamız bu rekordu yeniləmək üçün qalib gəlməlidi.
Bu isə xal sayında mütləq rekorda səbəb ola bilər. AVRO-2002-də 9 xal yığma komandamızın hesabında artıq 7 xal var. Qələbə həmin rekordu yeniləmək üçün kifayət edəcək. Əslində, heç-heçə də ən yaxşı nəticəmizi rəsmiləşdirəcək. Çünki belə olan halda, 8 oyuna 8 xal toplayan millimiz orta hesabla hər qarşılaşmada 1 xal əldə etmiş olacaq. 13 il əvvəlki rekorda isə 9 xal 10 oyunda yığılmışdı – hər matça 0,9 xal.
Qələbə Lippertin yetirmələrini qrup üçüncüsü edəcək ki, bu da U-21-in tarixində görünməmiş nəticədi. İndiyədək 1 dəfə 4-cü, 1 dəfə 5-ci yerlə bir rəqibini qabaqlayan yığmamız 6 dəfə sonuncu olub. Millimiz daha bir uğursuzluğu qrupa düşmək yolunda təsnifat mərhələsində məğlub olanda yaşayıb.
Bir sözlə, heç kimin gözləmədiyi sensasion qələbənin intizarında olan komandamız bunu bacarsa, 4 rekord vurub, iki yubileyə sevinəcək.