“Real”ın hücumçusu Kriştianu Ronaldo hakim qarşısına çıxıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, vergidən yayınmaqda ittiham edilən portuqaliyalı futbolçu Madrid məhkəməsində ifadə verib.
32 yaşlı superulduz 2011-2014-cü illər ərzində 14,7 milyon avro dəyərində vergidən yayınmaqda günahlandırılır. Prokurorluq İspaniyadakı biznesindən qazandığı pulun vergisini ödəmədiyi üçün Ronaldonun həbsini tələb edir.
Portuqaliya yığmasının üzvü 1 saat yarım vaxt ərzində hakim qarşısında özünü müdafiə edib. Məhkəmədən sonra futbolçu jurnalistlərin suallarını cavablandırmadan oradan ayrılıb. Ronaldonun bununla bağlı mətbuat konfransı keçirməsi gözlənilir.
Kriştianunun günahı sübuta yetirilərsə, o, 3,5 il müddətinə həbs cəzasına məruz qala bilər.
Qeyd edək ki, “Barselona”nın futbolçusu Lionel Messi də eyni səbəbdən 21 aylıq həbs cəzası almış, lakin 252 min avro təzminat ödəyərək, canını qurtarmışdı.