“Real”ın futbolçusu Kriştianu Ronaldo rekordları yeniləməkdə davam edir. Apasport.az saytı xəbər verir ki, portuqaliyalı hücumçu vurduğu qol sayında Avropanın bir sıra klublarını qabaqlayır.
Cari mövsüm La Liqada keçirdiyi 30 oyunda 39 qola imza atan Ronaldo bu statistikaya görə, “böyük beşlik” ölkələrinin 47 klubunu üstələyir. La Liqanın (İspaniya) 12 təmsilçisi bu mövsüm 39-dan az qol vurubsa, Liqa 1-də (Fransa) 10, Bundesliqada (Almaniya) 9, Premyer Liqa (İngiltərə) və A seriyasında (İtaliya) isə 8 komanda tək Ronaldo qədər qol vurmayıb.
Azərbaycan Premyer Liqasının isə iki komandası Kriştianunu qabaqlayır. Bunlar 47 qolla “Qarabağ” və 44 qolla “İnter”di. “Qəbələ”də isə qol sayı Ronaldoda olduğu kimi 39-du.
Kriştianunun cari mövsüm “Real”ın heyətində bütün turnirlərdə vurduğu ümumi qol sayı isə 50-di.
Qeyd edək ki, İspaniya La Liqasında 33 turdan sonra “Real”ın vurduğu 99 qolun 53-də Ronaldonun imzası var. O, 39 topla yanaşı, 14 qolun da məhsuldar ötürməsini verib.