“Qarabağ”dan Namiq Ələsgərovu icarəyə götürdük. Ukraynalı futbolçu Korobka isə hazırda baxışdadı. Yanvarda 3-cü transferimiz olmayacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Kəpəz” klubunun baş məşqçisi Şahin Diniyev deyib.
Qış fasiləsinə 5-ci pillədə yollanan Gəncə təmsilçisi transfer məsələsində o qədər də fəallıq göstərmir. Heyətinə cəmi 2 futbolçu dəvət edən “Kəpəz” onlardan biri – Vladimir Korobka ilə bağlı qərarını hələ ki, verməyib.
Diniyev ukraynalı barədə qərarını yanvarın 20-dək açıqlayacağını qeyd edib: “Bizim ən problemli mövqelərimiz yarımmüdafiənin cinahları idi. Məhz buna görə Ələsgərov və Korobkanı düşərgəmizə dəvət etdik. Namiqin potensialına bələd idik. Korobkanı isə sınaqdan keçirmək lazım gəldi. Artıq bir neçə gündü ki, düşərgəmizdədi. Yanvarın 17-də “Qaradağ Lökbatan”la yoxlama görüşündə də Vladimiri yoxlayacam və bundan sonra yekun qərarımı açıqlayacam”.
Diniyevin sözlərinə görə, Korobka özünü yaxşı tərəfdən göstərməyəcəyi təqdirdə, vətəninə yola salınacaq: “Ümidlərimizi doğrultsa, onunla müqavilə imzalanacaq. Əks halda, yəni Korobkanı bəyənməsək, həmin mövqeyə başqa futbolçu axtarmaq məcburiyyətində qalacağıq”.
Qeyd edək ki, 26 yaşlı Korobka karyerası ərzində "Tavriya", "Metallurq", "Tümen" və "Vitebsk" klublarının forma geyinib.