Məhəmməd Salah və Misir Futbol Federasiyası arasında problem yaranıb. Apasport.az saytının “Yahoo Sport”a istinadən məlumatına görə, şəklinin millini daşıyan təyyarənin üzərində əks olunması 25 yaşlı futbolçunun narazılığına səbəb olub.
WE mobil operatoru yığma komandanı təyyarə ilə təmin edir. Digər tərəfdən, Salahın WE-nin əsas rəqibi “Vodafone” ilə anlaşması var. Bu səbəbdən də, Məhəmməd tvitter hesabında federasiyanın ciddi qanun pozuntusuna yol verdiyini yazıb.
Misir Futbol Federasiyasının rəsmiləri telefon zənglərini cavabsız qoysalar da, ölkənin idman və gənclər naziri Xalid Əbdül-Əziz məsələnin həlli üçün əlindən gələni etdiyini deyib.
Salahın agenti Rami Abbas isə Misir rəsmilərindən heç bir cəhd olmadığını vurğulayıb: “Məsələnin həlli üçün bizimlə heç kim əlaqəyə keçməyib. Sakitlikdi, heç kim danışmaq istəmir”.
Abbasın sözlərinə görə, Misir Futbol Federasiyasının və onların sponsoru – “Presentation” reklam agentliyinin Salahın imic haqlarına sahib şirkətin yazılı bəyanatı olmadan belə bir addım atmaq haqqı yoxdu.
Misirli futbol azarkeşləri Məhəmməd Salaha dəstək vermək üçün tvitterdə kampaniyaya start veriblər.