“5 oyundur ki, qələbə qazana bilmirdik. Futbolçularda psixoloji problemlər yaranıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşçqisi Samir Əliyev deyib.
Topaz Premyer Liqasının X turu çərçivəsində “İnter”lə heç-heçə edən “ağ-qaralar”ın çalışdırıcısı qarşılaşma haqqında fikirlərini açıqlayıb: “Çalışdıq ki, bu gün yaxşı oynayıb, qara zolaqdan çıxaq. Təəssüflər olsun ki, yenə oyunun son dəqiqələrində qol buraxdıq. Ümumi götürsək, komanda pis futbol sərgiləmədi. Amma dediyim kimi, psixoloji problem var. Bu səbəbdən sona qədər qələbə hesabını qoruyub-saxlamağı bacarmadıq”.
Gənc müətəxəssis gələcəyə ümidli olduğunu da əlavə edib: “Bizim qışa qədər olan məqsədimiz bu heyətlə çalışıb mümkün qədər çox xal toplamaqdır. Qışda isə çatışmazlıqları aradan qaldırmaq üçün işlər görəcəyik. Bir qədər səbr eləmək lazımdır. Turnir cədvəlindəki yerimiz yaxşı olmasa da, gələcəyə ümidlə baxıram. Ümidim olmasaydı, burada qalmazdım”.