“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina yığmasının heyətində növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Robert Prosineçkinin yetirmələri bu dəfə Seneqalla yoldaşlıq matçı keçiriblər.
Şehiç ABŞ, Meksika və Bolqarıstanla görüşlərdə olduğu kimi, bu dəfə də meydana start heyətində çıxıb. Onun 90 dəqiqə oynadığı yoxlama matçında komandası qolsuz heç-heçə edib. “Qarabağ”ın futbolçusu bununla da millidəki ardıcıl 4-cü qarşılaşmasında qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, Şehiç ABŞ və Bolqarıstanla oyunu da əvəzedilmədən keçirmişdi. Meksika ilə matçda isə meydana start heyətində daxil olan Azərbaycan çempionu fasilədən sonra yerini Kenan Piriçə vermişdi.