[b]Səlahət Ağayev: Mənim də işim budu - MÜSAHİBƏ[/b]
13.09.2016 - 16:29
[b]Səlahət Ağayev: Mənim də işim budu - MÜSAHİBƏ[/b]

Bakının “İnter” klubunun qapıçısı Səlahət Ağayevin apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının IV turunda səfərdə “Sumqayıt”ı üstələdiniz...

- Bizim üçün qələbə vacib idi. Qalib gələrək, turnir cədvəlində ikinci pilləyə yüksəldik. Sumqayıtda xal qazanmaq çox çətindi. Çünki rəqib sona qədər mübarizə aparan komandadı. Buna baxmayaraq, biz qələbə missiyasının öhdəsindən gələ bildik.

 

- Razısız ki, erkən qol işinizi xeyli asanlaşdırdı?

- İlk qolu birinci hissədə vuranda komandada daha çox inam yaranır. Çalışırdıq ki, erkən qol vuraq, bunu bacardıq. Hesabı açandan sonra sanki komandada arxayınlıq yarandı. Fasilədə yenidən toparlandıq və ikinci hissədə daha bir dəfə fərqləndik. Şükürlər olsun ki, vacib 3 xal qazandıq.

 

- “İnter” “Sumqayıt”ı hansı komponentlərdə üstələdi?

- Deməzdim ki, biz onları təcrübədə üstələdik. Komanda şəklində yaxşı oynadıq. Sona qədər mübarizə aparıb, lazım olan nəticəni əldə etdik.

 

- “İnter”in əsas “silah”ı standart vəziyyətlərdi. Bunun üzərində xüsusi çalışırsız?

- Hər komanda istəyir ki, standart vəziyyətdən qol vursun. Baş məşqçimizin tapşırığını uşaqlar düzgün yerinə yetirdilər. İlk qolu da məhz bunun sayəsində vurduq.

 

- Matçın sonlarında kritik qurtarış etməklə, komandanızın qələbəsində rol oynadınız...

- Mən də istəyirəm ki, meydanda bütün bacarığımı göstərim. Əlimdən gələni etdim. Mənim də işim budu.

 

- Ölkə çempionatının IV turunda “Neftçi”nin “Qəbələ”yə 0:8 hesabı ilə uduzması şok effekt yaratdı...

- Bu, futboldu, hər şey olur. İki komandadan biri qələbə qazanır. Belə də ki, həmin görüşdə kimin qalib gəlməsinin mənim üçün fərqi yoxdu. Amma “Neftçi” kimi klubun 0:8 hesabı ilə uduzması hamı kimi, məni də təəccübləndirdi.

 

- Necə düşünürsüz, AZAL-a 6:0 hesabı ilə qalib gələn “Qarabağ” və “Neftçi”ni darmadağın edən “Qəbələ” ilə sona qədər çempionluq mübarizəsi apara biləcəksizmi?

- Əlimizdən gələni edəcəyik. Bu komandalarla başabaş mübarizə aparmaq istəyirik. Bütün bacarığımızı meydanda göstərməliyik ki, buna nail olaq.

 

- Millinin San-Marino ilə keçirdiyi matçda qapıda sizin yer alacağınız gözlənilirdi. Çünki Kamran Ağayevdən fərqli, oyun praktikasından əziyyət çəkmirsiz. O görüşdə ehtiyatda qalacağınızı gözləyirdizmi?

- Yığmaya dəvət alan hər bir futbolçu start heyətdə yer alacağını gözləyir. Baş məşqçinin fikrinə hörmətlə yanaşıram. Mən oynamadım, Kamran oynadı, əsas odu ki, yığmamız qələbə qazandı. Millinin qalib gəlməsi mənim üçün xoş oldu. Əlimdən gələni edəcəm ki, yığmanın da start heyətində yer alım.

 

- Yığmanın əsas qapıçısı olmaq üçün daha nə etməlisiz?

- Yəqin ki, çatışmazlığım var, buna görə də, start heyətində yer almamışam. Məşqlərdə əlimdən gələni edəcəm.

 

- Premyer Liqada cəmi 8 komanda qalıb. Eyni rəqiblərlə tez-tez oynamaq sizin üçün bezdirici deyil?

- Bezdirici olmur. Amma biz də istəyərdik ki, komandaların sayı çox olsun.

0