“Seltik”in “Qarabağ” üzərindəki qələbəsi Şotlandiyada hələ də müzakirə olunur. Apasport.az saytının Şotlandiya mətbuatına istinadən məlumatına görə, sabiq futbolçular Ağdam klubunu qlazqoluların UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Malmö” ilə müqayisə ediblər.
“Seltik”in baş məşqçisi Ronni Deyla püşkatmadan sonra “Qarabağ”ın “Malmö”dən daha güclü olduğunu bildirmiş və pley-offda işlərinin nisbətən rahat olacağını söyləmişdi. Bu isə futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.
Sabiq oyunçulardan Qordon Hagen bildirib ki, “Malmö”yə qarşı saymaz hərəkət onlara başa gələ bilər: “Deylanın fikirləri ilə razı deyiləm. O deyir ki, “Malmö” “Qarabağ”dan zəifdi. Ancaq məncə, “Malmö” güclü komandadı. Bu kluba qarşı ciddi hazırlaşmaq lazımdı”.
Cimmi Finli isə əksinə, bəxtlərinə münasib rəqib düşdüyünü düşünür: “Püşkün nəticəsindən şikayətlənmək doğru olmaz. “Seltik”ə münasib rəqib düşüb. Ancaq bu mərhələdə zəif komandanın olmadığını da yaddan çıxarmaq olmaz”.
Mayk Dillon isə açıqlamasında təmsilçimizi tərifləyib: “Bəziləri “Qarabağ” üzərində qələbəni adi qarşıladılar. Ancaq unutmayın ki, bu komanda ötən mövsüm Milan “İnter”i ilə hər iki görüşdə başabaş mübarizə apardı. Buna görə də, “Seltik”in ciddi bir rəqibi üstələdiyini düşünürəm. “Malmö” də pley-offa qədər gəlibsə, deməli, zəif komanda deyil”.
Qeyd edək ki, “Seltik” “Qarabağ”ı Şotlandiyada 1:0 hesabı ilə məğlub etmiş, Bakıda isə qolsuz bərabərliyə nail olaraq, mərhələ adlamışdı.