[b]Şotlandiyalı futbolçu Azərbaycan klubu ilə danışıq aparır[/b]
15.05.2015 - 09:43
[b]Şotlandiyalı futbolçu Azərbaycan klubu ilə danışıq aparır[/b]

Böyük britaniyalı daha bir futbolçu karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının Şotlandiya mətbuatına istinadən verdiyi məlumata görə, 31 yaşlı yarımmüdafiəçi İan Devidsonun ölkəmizə gəlmək variantı var.

 

Həm mərkəz müdafiəçisi, həm də dayaq yarımmüdafiəçisi mövqeyində oynamağı bacaran Devidson 2012-ci ildən çıxış etdiyi “Dandi” klubundan ayrılıb. O, qarşılıqlı razılıq əsasında müqaviləsini ləğv edərək, azad agent statusuna sahib çıxıb.

 

Şotlandiya mətbuatı Devidsonun Azərbaycandan təklif aldığını yazsa da, onunla hansı klubun danışıq apardığını qeyd etməyib.

 

Təcrübəli futbolçu ilə “Qəbələ”nin maraqlandığını ehtimal etmək olar. Çünki “qırmızı-qaralar”ın futbol direktoru Toni Adams da britaniyalıdı. Onun “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukla yaxşı münasibətinin olduğunu nəzərə alsaq, Adamsın bu futbolçunu ukraynalı çalışdırıya təklif etməsi mümkündü.

 

Qeyd edək ki, karyerası ərzində “Brixin Siti”, “Skarboro” və “Reyt Rovers” klublarının da formasını geyinmiş Devidson bu vaxta qədər Britaniyadan kənara çıxmayıb. Əgər danışıqlar müsbət nəticələnsə, Azərbaycan onun legioner həyatı yaşadığı ilk ölkə olacaq.