[b]Starkov Latviya yığmasından qovuldu[/b]
03.04.2018 - 14:24
[b]Starkov Latviya yığmasından qovuldu[/b]

Latviya millisinin baş məşqçisi Aleksandr Starkov istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, Latviya Futbol Federasiyasının İdarə Heyətinin bu gün keçirilən iclasında 62 yaşlı mütəxəssis tutduğu vəzifədən azad edilib.

 

Buna əsas səbəb kimi martın 25-də keçirilən yoxlama oyunundakı məğlubiyyət göstərilib. Cəbəllütariq kimi “cırtdan” ölkəyə 0:1 hesablı yenilgi qəbuledilməz sayılıb.

 

Latviya millisi iyuna qədər yeni baş məşqçi tapmağa məcburdu. Çünki yayda komandanı Baltika kubokunun oyunları və Azərbaycan millisi ilə yoxlama matçı gözləyir. İyunun 9-da yığmamızı qəbul edəcək Baltikyanı ölkə təmsilçisi bu qarşılaşmalarla Millətlər Liqasına hazırlığı başa vuracaq.

 

Qeyd edək ki, 2011-12-ci illərdə Azərbaycanda “Bakı” klubunu çalışdıran Starkov 3-cü dəfə millidən ayrılır. O, 2001-2004, 2007-13 və 2017-18-ci illərdə bu postu tutub.