[b]Kapitanla bağlı hər şey[/b]
09.10.2015 - 15:26
[b]Kapitanla bağlı hər şey[/b]

İtaliya ilə AVRO-2016-nın sabah keçiriləcək seçmə oyunu Rəşad Sadıqovun Azərbaycan millisində 100-cü matçı olacaq. Apasport.az saytının məlumatına görə, 33 yaşlı müdafiəçi buna 14 illik yığma karyerası ərzində nal olub.

 

Ölkəmizin əsas komandasında 2001-ci ildə debüt edən futbolçu artıq 14 ildi yığmanın şərəfini qoruyur. Oktyabrın 7-də İsveçlə qarşılaşmada meydana çıxan 19 yaş 113 günlük gənc 0:3 hesablı məğlubiyyətlə başlayan yığma karyerasını artıq 100-ün astanasınadək sürdürüb. DÇ-2002-nin seçmə mərhələsinin Skandinaviyadakı son matçında Sadıqova şans verən İqor Ponomaryov milinin qapılarını gələcək kapitanın üzünə açmışdı.

 

İlk və sonuncu dəfə bu mütəxəssisin rəhbərliyi altında yığmada forma geyinən müdafiəçi ümumilikdə 11 baş məşqçinin vaxtında millidə oynayıb. Robert Prosineçkinin 6-cı dəfə şans verəcəyi Sadıqov daha çox – 51 dəfə Berti Foqtsun dönəmində meydana çıxıb. Karlos Alberto Torres 15, Vaqif Sadıqov 11, Əsgər Abdullayev 7, Şahin Diniyev 3, Qyoko Hacıyevski və Kazbek Tuayev 2 görüşdə Rəşadı meydana buraxıb. Nazim Süleymanovla Mahmud Qurbanov bu postdakı yeganə oyunlarında kapitana güvəniblər.

 

Sadıqov yığmamızın 16 qələbəsində pay sahibidi. 30 heç-heçəyə də əməyi ilə töhfə verən Rəşad 53 dəfə uduzub. Bu görüşlərdə komandamız 77 qol vurub, 172-ni buraxıb.

 

Arxa xətt oyunçusu milidəki qol hesabını 2004-cü il aprelin 28-də Almatıda Qazaxıstanla yoxlama oyununda (3:2) açıb. Həmin il sentyabrın 4-də Uelslə dünya çempionatının seçmə oyununda (1:1) da fərqlənən futbolçumuz 2006-cı il aprelin 12-də Türkiyə ilə yoldaşlıq oyununda (1:1) penaltidən qola sevinib. 2010-cu il oktyabrın 12-də isə “ay-ulduzlular”la AVRO-2012-nin görüşündə qonşularımızı məyus edib.

 

2010-cu il mayın 29-da Makedoniya ilə yoxlama (1:3), sentyabrın 7-də isə Almaniya ilə AVRO-2012-nin qarşılaşması (1:6) Rəşad üçün uğursuz alınıb. O, Avstriyadakı ilk matçda da, səfər oyununda da avtoqol müəllifi olub. Ötən il oktyabrın 13-də isə Xorvatiya ilə AVRO-2016-nın matçında (0:6) da kapitan qapıları səhv salıb.

 

Sadıqovun hesabında penaltidən 1 qol olduğu kimi 11 metrlik nöqtədən qaçırılan zərbə də var. 2012-ci il avqustun 5-də Bəhreynlə Bakıdakı matçda müdafiəçi bu imkandan yararlana bilməyib.

 

2009-cu il iyunun 2-də Türkiyə ilə yoxlama oyununda (0:2) millimizin kapitanı qırmızı vərəqə ilə cəzalanıb.

 

Rəşad millidə 6 klubu təmsil edib. Yığmada “Neftçi”nin üzvü kimi debüt edən müdafiəçi 37 dəfə paytaxt təmsilçisinin, 41 dəfə indi şərəfini qoruduğu “Qarabağ”ın oyunçusu kimi millidə forma geyinib. 4 xarici klubla da bu həyəcanı yaşayan arxa xətt oyunçusu “Fulad”ı (İran) 8, “Kayserispor”u 6, “Kocaelispor”u 4, “Əskişəhərspor”u 3 (hamısı Türkiyə) matçda təmsil edib.

 

99 oyundan 92-də start heyətində yer alıb. Bunların 66-da komandanın kapitanı olub. Ümumilikdə 8208 dəqiqə meydanda olan müdafiəçi 4 qol vurub, 3 avtoqola üzülüb. 14 vərəqə alan Sadıqov 1 dəfə meydandan kənarlaşdırılıb.

 

Rəşad dünya və Avropa çempionatlarının seçmə mərhələlərində 50 dəfə start heyətində olmaqla 51 matç keçirib. Bunların 39-da kapitan olub. 4524 dəqiqədə 2 qol vuran arxa xətt oyunçusu 7 sarı vərəqə ilə cəzalanıb.

 

Mundiallara gedən yolda 24 oyuna çıxan Sadıqov bu matçların hamısına “11-lik”də başlayıb, 19 dəfə kapitan olub. 2160 dəqiqə mübarizə aparan futbolçumuz 1 qol vurub, 4 xəbərdarlıq alıb.

 

Yubilyar qitə çempionatının seçmə mərhələlərində isə 27 matçın iştirakçısı olub. 26 dəfə start heyətində, 20 dəfə kapitan sarğısı ilə qarşılaşmaya başlayan müdafiəçi 2364 dəqiqə forma geyinib. O, 1 qol vurub, 3 sarı vərəqə görüb.

 

Qeyd edək ki, indiyədək 216 matç keçirən komandamızın sayca 74-cü oyununda debüt edən Sadıqov yığmamızın son 142 oyunundan 99-da çıxış edib. Bu müddətdə 43 matçda iştirak etməyən müdafiəçi 2006-07-ci illərdə ardıcıl 17 qarşılaşmanı buraxmışdı. Əks halda 100-cü oyun bir neçə il əvvəl də baş tuta bilərdi.

0