[b]Branimir Subaşiç Azərbaycana qayıtmaq variantından danışdı: Onlara dedim ki... [/b]
15.07.2015 - 14:50
[b]Branimir Subaşiç Azərbaycana qayıtmaq variantından danışdı: Onlara dedim ki... [/b]

“OFK ilə müqavilə imzalamadım. Bu kluba keçmək istəmirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq üzvü Branimir Subaşiç deyib.

 

Serbiyanın OFK klubu ilə anlaşdığı haqda məlumat yayılan təcrübəli futbolçu fikrindən vaz keçib. O, Belqrad təmsilçinə keçməməsini belə izah edib: “Onlar mənimlə müqavilə bağlamaqda maraqlıdılar. Ancaq mən OFK-ya keçmək istəmirəm. Bunun səbəbi maliyyə ilə bağlı deyil. Klub rəhbərliyi maliyyə məsələsində razılaşa biləcəyimizi dedi. Lakin onlara bildirdim ki, OFK klubuna keçmək planımda yoxdu”.

 

Vətəninə qayıtmaqdan imtina edən milliləşdirilmiş futbolçu karyerasını yenidən Azərbaycanda davam etdirə bilər. Adı “Neftçi” ilə birgə hallanan Subaşiç “ağ-qaralar” barədə söz deməsə də, ölkəmizə dönmək arzusunda olduğunu etiraf edib: “Azərbaycana qayıtmaq istəyirəm. Karyeramın ən yaxşı illərini orda keçirmişəm. İnanıram ki, yenə Azərbaycan futboluna faydalı ola bilərəm”.

 

Qeyd edək ki, Subaşiç ölkəmizdə “Neftçi”, “Qəbələ”, “Xəzər Lənkəran” və “Qarabağ” klublarının formasını geyinib.