"Bu mənim "Qarabağ"la 3-cü finalım olacaq. 2006 və 2009-cu illərdə Azərbaycan kubokunu qazanmaq sevincini yaşamışıq. 6 il sonra yenidən finala yüksəlmək olduqca xoş duyğudu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl deyib.
Ölkə kubokunun yarımfinal mərhələsinin “Simurq”la keçirilən cavab oyununda qolsuz bərabərliyə imza atan “Qarabağ” adını finala yazdırıb. Bununla bağlı klubun rəsmi saytına danışan Gözəl “Neftçi” ilə keçiriləcək həlledici qarşılaşmaya toxunub: “Rəqibimizin "Neftçi" olması final qarşılaşmasına əlavə rəng qatacaq. Finalda "Neftçi"ylə qarşılaşmaq mənə 2 qat sevinc bəxş edir. "Neftçi" Azərbaycan futbolunda xüsusi yeri olan klubdu. Hər zaman o komanda ilə görüşlər mənim üçün xüsusi olub. Daha öncə də qeyd etdiyim kimi, "Qarabağ" - "Neftçi" oyunu aslanlar qarşılaşması kimidi. Final görüşünün Qəbələ və ya başqa bir şəhərdə keçirilməsi də olduqca xoş xəbərdi. İstənilən halda, belə bir derbinin, gözəl qarşılaşmanın bölgədə keçirilməsi ölkə futbolunun inkişafı və populyarlığı baxımından olduqca yaxşı amildi. Futbol ictimayyətini, azarkeşləri maraqlı qarşılaşma gözləyir. Şəxsən stadionda komandamı dəstəkləyəcəyim anı gözləyirəm. Hər kəsi bu oyuna dəvət edirəm. Xüsusilə, azarkeşlərimizi matça dəvət edir, onların oyunun keçiriləcəyi stadionu doldurmasını istərdim"