[b]Tərlan Əhmədov: Qurban Qurbanov özü bilər - MÜSAHİBƏ[/b]
31.10.2015 - 00:20
[b]Tərlan Əhmədov: Qurban Qurbanov özü bilər - MÜSAHİBƏ[/b]

AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının geridə qalan turlarında “Neftçi” üzərində qələbə və ardınca “Qəbələ” ilə heç-heçə gözlənilməz oldu. Bu nəticə sizi təəccübləndirmədi?

- Açığı, mövsümün əvvəlində hazırkı heyəti yığanda çoxları deyirdi ki, bu komandanın sonu yoxdu. Demirəm ki, “Neftçi”ni məğlub etməklə, “Qəbələ” ilə bərabərə qalmaqla bütün problemlərimiz həll olundu. Bu iki uğurlu nəticəni əlimizdə bayraq tutmuruq. Bu nə əvvəlidi, nə də sonu. Bununla kifayətlənmirik. Hər işin öz axarı var. O ki qaldı sualınıza, heç bir oyunla bağlı deyə bilmərəm ki, hansısa nəticəni gözləmirdim. Mən komandama ilk gündən inanmışam. “Neftçi” ilə oyunöncəsi nəzəri məşğələ olanda uşaqların gözündən hiss edirəm ki, yüksək səviyyədə motivasiya olublar. Ürəyimdə də bir rahatlıq var idi ki, qələbə qazanacağıq. Futbolçuların davranışından bunu hiss edirdim. Amma bunu sürpriz nəticə saymaq olmaz. Futbolda sürpriz yoxdu. Çünki indi zəif komanda qalmayıb. Sadəcə, zəif hazırlıq var. “Barselona” müasir futbolun bütün komponentlərini özündə birləşdirib. Amma birdən elə komandaya məğlub olurlar ki, hamı məəttəl qalır. Bu da sürpriz deyil.

 

- Son bir həftədə nə dəyişdi ki, nəticələriniz bu qədər yaxşılaşdı?

- Futbolçularla kollektiv və fərdi şəkildə söhbətlərimiz oldu. İlk 5-6 turda yaxşı oyun göstərsək də, nəticə olmurdu. Amma yavaş-yavaş komanda “artırdı”. “Neftçi” üzərində qələbə oyunçulara stimul verdi. Onlara da deyirdim ki, maddi cəhətdən digər komandalar üstün ola bilər, amma oyun baxımından heç kimdən geri qalmırsınız, bəlkə də, hamıdan üstünsünüz. Oyuna köklənmədən çox şey asılıdı. “Neftçi” və “Qəbələ” ilə görüşlərə də yaxşı köklənmişdik. “Neftçi” ilə qarşılaşmanın son dəqiqələrində rəqibin müdafiə xəttində boşluqları görürdüm. Ona görə də, matçın gedişində Məhəmməd Bədəlbəylini meydançaya buraxdım və tapşırıq verdim ki, bu işləri gör, qalanı sənlik deyil. Planlaşdırdığım kimi də oldu. O ki qaldı “Qəbələ”yə, bu komandaya qarşı açıq futbol oynaya bilməzdim. Ötənilki heyət olsaydı, onlarla başabaş mübarizə apara bilərdik. Amma indi belə etmək riskli olardı. Taktiki gedişlər edərək, xal qazandıq.

 

- Maddi durumun düzəlməsinin bu nəticələrə nə kimi təsiri oldu?

- Bəli, maliyyənin də təsiri oldu. Rəhbərlik sağ olsun, futbolçuların əməkhaqlarını verdi ki, bir balaca özlərinə gəlsinlər. Bundan sonra oyunçularda rəhbərliyə, məşqçilərə, özlərinə inam artdı. Nəinki idmanda, həyatın özündə insanın şən yaşaması üçün ilk növbədə motivasiyaya ehtiyacı olur. Maddi durumun da nə qədər yaxşı olsa, bir o qədər gümrah, şən olursan, həyata gülüşlə baxırsan. Elə ki, maddiyyatda bir balaca problem yarandı, insanın mimikasında, danışığında çox dəyişiklik olur.

 

- Geridə qalan 10 turu AZAL üçün iki hissəyə bölmək olarmı?

- Nəticə baxımından iki hissəyə bölmək olar. Amma oyun baxımından heç kimdən geri qalmadıq, bəlkə də, çoxlarından baxımlı futbol sərgilədik. İnsanların komandamız haqda xoş sözləri bizi daha da həvəsləndirir, motivasiyamızı artırır. Fikirləşirəm ki, yaxşı oyun keçirib məğlub olmaqdansa, pis oynayıb nəticə qazanmaq daha sərfəlidi. Məsələn, “Neftçi” ilə matçı rəqibdən zəif keçirmədik. “Neftçi” Azərbaycan futbolunun tarixidi, həm keçmişi, həm də gələcəyidi. Azərbaycan futbolunda hər şey “Neftçi” ilə bağlıdı. Amma indi bu komandaya rəqibik. Onlarla qarşılaşmada da bizim qol vurmaq şansımız daha çox olmuşdu. Geridə qalan 10 turdakı mübarizəyə görə komandamı alqışlayıram. Amma nəticə ürəyim istəyən kimi deyil. Məğlubiyyətimiz çoxdu. Onsuz da, buna hazır idim. Komandanı götürəndə bilirdim ki, müəyyən müddət çətin olacaq. Yavaş-yavaş hər şey öz yoluna düşür. “Qəbələ” ilə oyundan sonra da uşaqlara demişəm ki, artıq sizdən həm yaxşı oyun, həm də uğurlu nəticə gözləyirəm.

 

- Bu mövsüm nəyə iddia edəcəksiniz?

- Bu işi qəbul edəndə hansı yükün altına girdiyimi bilirdim. Keçən il komandanın büdcəsi, şəraiti normal idi. Hələ mövsümün əvvəlində vitse-prezident Fikrət Hüseynovla söhbətim oldu. Büdcəni də, futbolçuların nə qədər qazanacaqlarını da mənə dedi. Cavabında bildirdim ki, yaxşı olanda bir-birimizin yanında idiksə, niyə ağır gündə bir yerdə olmayaq? Dedim ki, səninləyəm, nə olacağını gələcək göstərər. Hər halda, biz bir-birimizə inanır, dəstək veririksə, deməli, bu yolda rahat gedəcəyik. Doğrudu, komandanı yığanda çətinliklər çəkdim. Çox tənqidlər oldu, bunu da gözləyirdim. Amma bu uşaqlara güvənirdim. Demirəm ki, bütün oyunlarda qələbə qazanmalıydıq. Amma hər dəfə meydançaya çıxanda qələbə gözləyirəm. Hazırda isə çempionatda birinci və ikinci “altılıq”dakı komandalar bir-birləri ilə mübarizə aparırlar. Bu gün deyə bilmərəm ki, yüksək yerlər uğrunda mübarizə aparırıq. Hazırda məqsədimiz qışa qədər turnir cədvəlindəki mövqeyimizi bir balaca yaxşılaşdırmaqdı.

 

- Topaz Premyer Liqasının XI turunda “Qarabağ”la qarşılaşacaqsınız. Uğurlu seriyanı davam etdirə biləcəksiniz?

- “Qarabağ” Avropa Liqasında mübarizə aparan komandadı. Qurban Qurbanov uzun illərdi bu klubun “sükanı” arxasındadı və artıq öz istədiyi komandanı qura bildi. Bizi ağır oyun gözləyir. Ancaq çalışacağıq ki, uğurlu nəticə əldə edək, seriyamızın davamını gətirək.

 

- Ağır Qəbələ səfərindən 3 gün sonra “Qarabağ”la qarşılaşacaqsınız. Yorğunluq sizə mane olmayacaq?

- Razıyam. Bundan başqa, hazırda 3 əsas futbolçumuzun xidmətindən məhrumuq. Seymur Əsədov, Aleksandr Quruli və Nuqzar Kvirtiya meydana çıxmayacaqlar. Seymur, ümumiyyətlə, uzun müddət bizimlə birlikdə olmayacaq. O ki qaldı digərlərinə, Nuqzar sarı vərəqələ limitini doldurduğu, Quruli isə zədəli olduğu üçün bu görüşü buraxacaq. Problemlər olacaq. Amma Avropada 2-3 gündən bir oynayırlarsa, biz də artıq buna öyrəşməliyik. Əgər Azərbaycan klubları daim Avrokubokun qrup mərhələsində iştirak etməyi hədəfləyirlərsə, deyinməməli, bu prosesdən keçməliyik. Hər bir komandanın 2-3 heyəti olmalıdı ki, sıx təqvimdə hamı istirahət də edə biləsin və yorğunluq olmasın. İngiltərə klubları bir mövsümdə 5-6 turnirdə iştirak edirlər. Bizdə isə bir çempionatdı, bir də kubok. 2-3 klubumuz da Avrokubokda mübarizə aparır. Hər halda bunlar bizim üçün problem olmamalıdı. Tez-tez oyun keçirməyin futbolçulara ziyanı yox, xeyri var. Düzdü, bizdə heyət kasaddı. Ancaq bunu özümə problem eləmirəm. Futbolçu da dərk etməlidi ki, onun işi budu. Mövsümün gedişində çox şeylər baş verə bilər. Ola bilər bir neçə futbolçu birdən zəhərləndi, oyun təxirə salındı və ya 3-4 futbolçu yığmaya getdi. Bunların hamısına hazırlıqlı olmaq lazımdı.

 

- “Qarabağ” gələn həftə Avropa Liqasında “Monako” ilə qarşılaşacaq. Bu amili sizin üçün üstünlük saymaq olarmı?

- Hansı futbolçulara nə vaxt şans verəcəyini Qurban Qurbanov özü bilər. Onun işinə qarışmağa heç bir haqqım yoxdu. Onunla “Fakel”də, Stavropol “Dinamo”sunda, “Neftçi”də, yığmada bir yerdə futbol oynamışıq. Bir dost, futbolçu yoldaşı və həmkar kimi ona Avrokubokda uğurlar arzu edirəm. Amma bizə qarşı kimi meydançaya buraxacağı şəxsi işidi. Rəqibin heyətində kimin oynamasının bir önəmi yoxdu. Mənim üçün əsas məsələ öz futbolçularımın tapşırıqlarımı düzgün yerinə yetirmələridi.

 

- Dövrələrarası fasilədə heyətdə nə kimi dəyişikliklər olacaq?

- Bu barədə hələ bir şey düşünmürüm. Bu, klubun büdcəsindən asılı olacaq. İndi durub desəm ki, bütün heyəti dəyişəcəm, bu yanlış olar. Dəyişiklik olacaq, daha doğrusu, transferlər ediləcək. Amma hansısa oyunçunun komandadan getmək söhbəti gündəmdə yoxdu. Çünki bu uşaqlarla ağır yolun yoldaşıyıq.

 

- Qış hazırlıq planı məlumdumu?

- Bu baxımdan da hələ heç nə bəlli deyil. Bu da kluba ayrılacaq maliyyədən asılı olacaq. Gücümüz çatacaqmı xaricə getməyə, bunu indidən deyə bilmərəm. Buna dekabrın əvvəllərində aydınlıq gələcək.

 

Ruslan SADIQOV

0