[b]Transfer dönəmini kim necə keçirdi?[/b]
02.09.2016 - 12:26
[b]Transfer dönəmini kim necə keçirdi?[/b]

Azərbaycan klubları üçün yay transfer dönəmini o qədər də hərəkətli saymaq olmaz. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqası təmsilçiləri daha çox daxili bazarda fəallıq göstərdilər.

 

Təsadüfi deyil ki, bu yay ölkə xaricindən cəmi 22 əcnəbi futbolçu Azərbaycana təşruf buyurdu. Həmin oyunçulardan 13-ü müxtəlif ölkələrdən gəldi. Belə ki, klublarımız Kipr, Xorvatiya, Portuqaliya və İrandan 3, Avstriyadan 2, Serbiya, Albaniya, Fransa, Rumıniya, Venesuela, Belçika, İspaniya və Rusiyadan isə 1 oyunçunu heyətlərinə qatdılar.

 

Ümumilikdə transfer dönəminin ən fəalı “Sumqayıt”, ən passivi isə “Qarabağ” oldu.

 

“Qarabağ”

Gələn – 6 (1-i icarədən qayıdıb); gedən – 9 (4-ü icarəyə gedib, 1-i karyerasını bitirib)

Son çempion yenə heyətin özəyini qorumağı bacardı. Ağdam təmsilçisi icarədən qayıdanlardan birini (Namiq Ələsgərov) saxladı, digərini (Tərlan Quliyev) “İnter”ə satdı. “Qarabağ” cəmi 2 əcnəbi gətirdi. Heyətə yeni qoşulanlardan 1-i isə milliləşdirilmiş Arif Daşdəmirovdu. Komandadakı əcnəbilərdən yalnız hücumçu Samuel Armenteros yola salındı. Gedən 8 yerlidən 4-ü digər klublara icarəyə verildi, 1-i isə karyerasını bitirdi.

 

“Zirə”

Gələn – 12 (3-ü icarəyə); gedən – 12

Premyer Liqadakı ilk mövsümündə gümüş mükafat qazanan “Zirə” məlum səbəbdən Avrokuboka gedə bilməyincə, heyətdə ciddi islahatlar aparmalı oldu. Bəzi oyunçuları klub yola saldısa, bəziləri də özləri getmək qərarına gəldilər. Bakılıların sağollaşdığı 12 futbolçudan 3-ü “Qəbələ”dən icarəyə götürülənlər idi. Ümumilikdə “Zirə”ni tərk edənlərdən 7-si yerli oldu. Gələnlərdən isə 3-ü icarəyə götürülüb ki, onlardan 2-si (Nurlan Novruzov, Vüqar Mustafayev) ötən mövsüm də bu komandada eyni şərtlərlə çıxış edib. Ümumilikdə “Zirə”nin heyətə cəlb etdiyi oyunçulardan 5-i əcnəbi oldu.

 

“Qəbələ”

Gələn – 8 (2-si icarədən qayıdıb); gedən – 12 (1-i icarəyə)

Avropa Liqasında bu mövsüm də qrup mərhələsinə qədər irəliləyən “Qəbələ”də ciddi dəyişikliklər oldu. “Qırmızı-qaralar”ın yola saldığı 12 oyunçudan yalnız 4-ü əcnəbi idi. Gedən yerlilər arasında olanlardan 3-ü (Arif Daşdəmirov, Pavel Paşayev, Andrey Popoviç) milliləşdirilmiş futbolçulardı. “Qəbələ” 5 əcnəbi, 1 yerli statusda çıxış edən milliləşdirilmiş futbolçu (Ruslan Qurbanov) ilə gücləndi. “Zirə”dən icarədən qayıdan 3 nəfərdən isə 1-i (Tərzin Cahangirov) məşqçilər korpusuna lazım olmadı.

 

“İnter”

Gələn – 11; gedən – 11

Cəza ucbatından avrokuboklardan kənarda qalan “İnter”də gələn və gedənlərin sayı eyni oldu. Ancaq “bankirlər”in əsas dəyişikliyi ondan ibarət oldu ki, komandada yerlilərin sayı artdı. Belə ki, 6 əcnəbi yola salındısa, əvəzində cəmi 1 əcnəbi kollektivə qoşuldu. 10 yerli transferlərdən 1-i isə milliləşdirilmiş Pərdis Fərcad-Azaddı.

 

“Kəpəz”

Gələn – 8 (1-i icarəyə); gedən – 7 (3-nün icarə müddəti bitib)

Bu mövsüm Avrokubokda ölkəmizi təmsil etmiş “Kəpəz”də gələnlərlə gedənlərin sayında bərabərlik oldu. Amma ötən mövsümü komandada keçirmiş Şəhriyar Əliyev yenidən icarəyə götürüldüyündən, o da gələnlərin arasında göstərilir. Cəmi 2 əcnəbi ilə güclənən gəncəlilər heyətdə olan legionerlərdən 1-ni yola saldı. Komandanı tərk edən 3 futbolçu isə icarə müddəti başa satdığından, məxsus olduğu kluba döndü.

 

“Neftçi”

Gələn – 8 (3-ü icarəyə); gedən - 11 (1-i icarəyə gedib, 1-nin icarə müddəti bitib)

Ötən mövsümü uğursuz keçirən “Neftçi”nin heyəti yayda daha da zəiflədi. Komandanı 11 oyunçu tərk etdi ki, onlardan 1-i (Ailton Silva) müqavilə ilə məxsus olduğu kluba döndü. Bakılılar 5 əcnəbiyə “yaxşı yol” dedilərsə, gedən 6 yerlidən 2-si (Məhəmməd Qurbanov, Ruslan Qurbanov) milliləşən oyunçulardı. Bunların əvəzində “Neftçi” 6 əcnəbi ilə anlaşdı. Paytaxt klubunun icarə əsasında heyətə qatdığı 3 nəfərdən 2-si məhz əcnəbidi.

 

AZAL

Gələn – 9; gedən - 10

AZAL əsasən daxili bazarda fəaliyyət göstərdi. “Təyyarəçilər”lə anlaşan 9 yeni oyunçudan 2-si əcnəbi oldu. Bakı təmsilçisi eyni sayda legioneri də yola saldı.

 

“Sumqayıt”

Gələn – 14 (3-ü icarəyə); gedən – 17 (1-i karyerasını bitirib)

Yay fasiləsinin ən fəal komandası “Sumqayıt” oldu. “Gənclik şəhəri” təmsilçisi 17 yeni oyunçu ilə müqavilə imzaladı. Onlardan ikisinin (Vadim Abdullayev, Ruslan Tağızadə) sazişinə mövsüm başlanmamış xitam verildisə, “Kəpəz”dən icarədən qayıdan Budaq Nəsirov Portuqaliya “Sportinq”inə yollandı. Bu üzdən “Sumqayıt”in yeni transferi kimi 14 nəfəri göstərmək olar. Yenilərdən yalnız 3-ü əcnəbidi. Yenidən kollektivə qayıdan Məhəmməd Qurbanov isə milliləşdirilmiş oyunçudu. Komandanı tərk edən 17 nəfərdən 3-ü milliləşdirilmiş futbolçudu. Onlardan Aleksandr Çertoqanov karyerasını bitirdisə, Pərdis Fərcad-Azad və Uğur Pamuk başqa klublara keçdilər.

 

Ruslan SADIQOV