[b]Tudorun qovulmasının təfərrüatları[/b]
19.12.2017 - 16:44
[b]Tudorun qovulmasının təfərrüatları[/b]

“Qalatasaray”ın sabiq baş məşqçisi İqor Tudorun istefaya göndərilməsinin təfərrüatları üzə çıxıb. Apasport.az saytı “Hürriyyet”ə istinadən xəbər verir ki, xorvatiyalı çalışdırıcının futbolçularla münasibəti heç də yaxşı olmayıb.

 

Məsələ burasındadı ki, İstanbul klubunun oyunçuları Tudorun məşq metodlarını bəyənməyiblər. Bafetimbi Qomisdən savayı, futbolçular arasında onu heç kim sevməyib. 39 yaşlı mütəxəssisin “Qalatasaray”dakı işinə son verilməsinə yol açan səbəblərdən biri də məhz bu olub.

 

Tudor son 1,5-2 ay ərzində komanda daxilində nüfuzunu itirdiyindən, xüsusən, əcnəbilər onunla çalışmaqdan məmnun deyildilər. Heyət üzvləri Tudorun daha çox fiziki yükləmələrə yer ayırmasına qarşı idilər. Onlar baş məşqçinin rəhbərliyi altında nə oynadıqlarını anlamırdılar. Futbolçular arasında bu cür söhbətlər yayılmışdı: “Tudor hələ də “Yuventus”un futbolçusu kimi davranır. Özünü həmişə yüksəklərdə sayır və insanlara yuxarıdan aşağı baxır. Bu, komandada narazılıq yaradır”.

 

“Yeni Malatyaspor”a məğlubiyyətdən sonra televiziya kanalına açıqlaması isə Tudorun oyunçularla münasibətini daha da gərginləşdirib. Söhbət “qazananda futbolçular, uduzanda Tudor deyirsiz” cümləsindən gedir. Bundan sonra o, yetirmələrinin gözündən tam düşüb.

 

Əslində, “Qalatasaray” rəhbərliyinin planı ən azı dövrələrarası fasiləyə qədər Tudorla yola davam etmək olub. Lakin “Yeni Malatyaspor”la matçda yenidən üçlü müdafiə sisteminə dönməsi rəhbərliyin “səbr kasası”nı daşırıb. “Başakşəhər”ə 1:5 hesablı məğlubiyyətdən sonra həm klub prezidenti Dursun Özbək, həm də idman direktoru Cenk Ergün Tudora narazılıq edərək, taktiki dəyişikliyin komandaya mənfi təsir göstərdiyini, macəra axtarmağa ehtiyac olmadığını bildirmişdilər. Lakin məşqçi bu sözlərə qulaq asmayaraq, “Yeni Malatyaspor”la matçda yenidən həmin müdafiə sisteminə qayıdıb və bununla da gedişini sürətləndirib.

 

Görüş bitdikdən sonra rəhbərlik yeganə günahkarın məhz Tudor olduğunu bildirərək, onun “qələmini qırıb”.