Ötən ay keçmiş klubu “Trabzonspor”un şikayəti əsasında Türkiyə Futbol Federasiyası tərəfindən 6 ay müddətinə futboldan uzaqlaşdırılan Özər Hurmacı əfv edilib. Apasport.az saytının məlumatına görə, Türkiyə millisinin keçmiş oyunçusunun verdiyi appelyasiya şikayətinə baxan Nizam İntizam Komitəsi onun cəzasını ləğv edib.
Futbolçunun təqdim etdiyi sənədləri incələyən NİK onu haqlı hesab edib və əvəzində “Trabzonspor”u cəzalandırıb. Qaradəniz təmsilçisi müqavilə tələblərinə əməl etmədiyi üçün və oyunçunun borcları ilə bərabər 4 milyon 318 min lirə cərimə ödəyəcək.
Qeyd edək ki, karyerası ərzində “Fənərbaxça”, “Kasımpaşa” və “Akhisar” kimi komandaların şərəfini qorumuş Özər Türkiyə millisində də iki oyuna çıxıb.