FİFA-nın milli komandaların 2018-ci ilin yanvar reytinqi ilə bağlı təxmini cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, yanvarın 18-də rəsmən açıqlanacaq siyahı ilə bağlı ehtimallar müəyyən dəyişikliklər vəd edir.
İki gün öncəki cədvəllə müqayisədə bəzi dəyişikliklərin yaşanmasına azsaylı yoxlama oyunları səbəb olacaq. Qeydə alınan dəyişikliklər Azərbaycan millisinin mövqeyinə təsir etməyəcək. 2017-ci ilin son siyahısında 281 xalla planetin 117-cisi olan Qurban Qurbanovun yetirmələri eyni göstərici ilə mövqeyini qoruyacaq.
Heç bir matç keçirməyən millimizin qonşuları yerdəyişmələrə məruz qalacağı gözlənilir. Belə ki, komandamız Bəhreyni keçmək imkanı qazanıb. Lakin Nikaraquanın da yığmamızı arxada qoyması irəliləyişə əngəl olacaq.
Millimiz və “qonşular”ı
112 (101). Oman – 296
113 (114). Türkmənistan – 292
114 (119). Nikaraqua - 287
115 (115). Qırğızıstan - 282
115 (113). Ruanda - 282
117 (117). Azərbaycan – 281
118 (115). Bəhreyn – 274
119 (126). KXDR - 269
120 (121). Yeni Zelandiya – 267
121 (122). Mərkəzi Afrika Respublikası – 266
122 (118). Namibiya - 265
Dünyanın ən güclü 10 komandasının mövqeyində isə heç bir dəyişiklik olmayacaq. Yalnız bir yığma – Çilinin xal hesabı dəyişəcək ki, 15 xal itkisi cənubi amerikalıların mövqeyinə təsir etməyəcək.
İlk “onluq”
1 (1). Almaniya – 1602
2 (2). Braziliya – 1483
3 (3). Portuqaliya – 1358
4 (4). Argentina – 1348
5 (5). Belçika – 1325
6 (6). İspaniya - 1231
7 (7). Polşa - 1209
8 (8). İsveçrə - 1190
9 (9). Fransa – 1183
10 (10). Çili – 1147
Qonşu Türkiyə yığması 1 pillə irəliləyəcək. “Ay-ulduzlular” 735 xalla 41-ci olacaq.
Millimizin 2018-ci ildə qarşılaşacağı dəqiqləşən ilk komanda Gürcüstanın da mövqeyi dəyişəcək. 322 xalla qonşularımız ili 103-cü sırada başlayacaq.