Mayın ikinci yarısında Avropada təlim-məşq toplanışı keçəcək Azərbaycan millisinin Ukrayna ilə yoldaşlıq oyunu baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, bunu Ukrayna Futbol Federasiyasının vitse-prezidenti Vladimir Laşkul açıqlayıb.
O bildirib ki, AVRO-2016-nın final mərhələsinə hazırlaşan yığma 3 yoxlama oyunu keçirəcək. Mixail Fomenkonun yetirmələri mayın 29-da İtaliyada Rumıniya, iyunun 2 və ya 3-də Albaniya, 6-da isə Moldova ilə üz-üzə gələcək.
Məlumatda bildirilir ki, ukraynalıların ilk rəqibinin Azərbaycan yığması olması gündəmdə imiş. Lakin sonda Rumıniya ilə Azərbaycan arasında seçim edən məşqçilər korpusu AVRO-2016-nın iştirakçısına üstünlük verib.
Qeyd edək ki, UEFA-nın Əsasnaməsinə görə final mərhələsinin iştirakçısı keçirdiyi 3 yoxlama oyunundan ikisini həmin turnirə qatılacaq komandalarla keçirə bilər. Ən azı bir oyunu finala yüksəlməyən rəqiblə keçirən milli Fransa-2016-da eyni qrupda oynayacağı komanda ilə görüşə bilməz. Ukraynalılar da final mərhələsinə yollanan Rumıniya ilə Albaniyanı, turnirdən kənarda qalan Moldovanı sınağa çəkməyi lazım bilib.