“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan kubokunun finalları tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, ukraynalı mütəxəssis həlledici qarşılaşmada ən çox uduzan baş məşqçilər siyahısına düşüb.
Ötən il “Qəbələ”nin “Qarabağ”a, bu il isə “Keşlə”yə məğlubiyyətinə üzülən Qriqorçuk 2-ci dəfə kubokun son addımında məyusluq yaşayıb. Ona qədər üç mütəxəssis finalda 2 məğlubiyyət alıb.
Lakin onlardan biri – Ağasəlim Mircavadov komandaları ilə yüksəldiyi 5 finalda 2 dəfə uduzubsa, kubokun 3 qat qalibi olub. Rəşid Özbəyov və Valentin Xodukin isə hər iki cəhddə uğursuzluğa düçar olan “üçlük”də Qriqorçuka şərikdi.
Özbəyov fərqli illərdə və müxtəlif komandalarla belə üzüntü yaşayıb. Xodukin isə Qriqorçuk kimi ardıcıl iki mövsüm eyni komandayla şansını qaçırıb. “İnter”in sabiq məşqçisi 2007/08 və 2008/09 mövsümlərində “Xəzər Lənkəran”la “Qarabağ”a uduzub. Hər iki ukraynalı da ardıcıl ikinci finaldakı məğlubiyyətdən sonra postundan ayrılıb.